Qərbi Azərbaycan Xronikası: "Xarici oyunçular Ermənistanın yox, öz maraqlarını güdürlər"
Bu gün "Baku Tv"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Aparıcı Ellada Sarvanın müsahibi politoloq Yeganə Hacıyeva olub.
O, rəsmi İrəvanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə reqlamenti ratifikasiya üçün parlamentə göndərməsindən, COP29 ərəfəsində anti-Azərbaycan qüvvələrin təzyiqləri, böhtan və əsassız tələblər irəli sürməsindən danışıb, eləcə də Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına (AŞPA) geri qayıtması məsələsinin aktuallaşdığını deyib: "Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan sənədin 3 mühüm bəndini çıxarıb. Beynəlxalq təşkilatlar Ermənistandakı revanşist əhval-ruhiyyəni dəstəkləyir. Bəzi təşkilatlar Azərbaycana qarşı böhtana söykənən proseslərə başlayıblar. AŞPA kiminsə əlində Azərbaycana qarşı alətdir".
Onun sözlərinə görə, bu gün Ermənistanın Konstitusiyası qeyri-legitimdir: "Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması təkcə rəsmi Bakı və İrəvan üçün deyil, həm də bütün Cənubi Qafqaz üçün vacibdir. Azərbaycan Ermənistanla təkbətək münasibətlərdə maraqlıdır. Xarici oyunçular Ermənistanın yox, öz maraqlarını güdürlər".
Y.Hacıyeva Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin genişləndiyini, eləcə də Qərbi Azərbaycan və Zəngəzur dəhlizi mövzularının prioritet məsələ olduğunu bildirib: "Beynəlxalq mexanizmlər birtərəfli qaydada hazırlanır. Xaricə oturan ermənilər öz xalqının hissləri ilə manipulyasiya edir. Zəngəzur dəhlizi mütləq açılacaq. Çünki Ermənistan belə bir iqtisadi resursdan əl çəkməyəcək".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə oktyabrın 15-də saat 18:30-da "Youtube" kanalında və saat 19:30-da "Baku Tv"nin efirində rus dilində yayımlanıb.
Oxşar xəbərlər
Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
"Politico"nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir" dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil. Bu bar...