Qərbi Azərbaycan Xronikası: "Ermənilər bizim qapılarda meyvədən ötrü diz çökürdü"
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Ermənilər bizim qapılarda meyvədən ötrü diz çökürdü" adlı veriliş Dərələyəz mahalının Keşişkənd rayonunun Ələyəz kənd sakini Leylan Cəbrayılovanın həyat hekayəsinə həsr olunub.
O, 1946-cı ildə dünyaya göz açdığı doğma kəndinin xatirələrini bölüşüb: "Ələyəz kəndi həqiqətən bir cənnət idi. Kənddə hər ailənin öz torpaq sahəsi, bağı və həyəti var idi. Ələyəz kəndi təkcə meyvə bağları ilə deyil, həm də zəngin su qaynaqları ilə məşhur idi. Çoxlu bulaqlarımız var idi - Ağ bulaq, Xırrı bulaq. Yay aylarında sakinlər Əməri yurdu və Dəmir təpə kimi yaylaqlara çıxırdılar".
Onun sözlərinə görə, doğma yurdundan deportasiya olunan azərbaycanlılar acı tale yaşayıb, erməni vəhşilikləri, təcavüzü və deportasiyasının qurbanı olublar: "Təəssüf ki, bu gözəl diyarın taleyi faciəvi şəkildə dəyişdi. 1988-ci ilin noyabr ayında erməni təcavüzü nəticəsində Ələyəz sakinləri öz doğma yurdlarını tərk etməyə məcbur oldular. Atam, bibim ermənilərin 1915-1918-ci illərdə törətdikləri vəhşiliklərdən danışırdı. O vaxt ermənilər kəndə basqın edib dinc sakinləri qətlə yetirmişdilər. Ulu babamı da ermənilər öldürmüşdü. Qaçıb canını qurtaranlar sonradan qayıdanda dəhşətli mənzərənin şahidi olublar. 1988-ci ilin noyabr ayında ermənilər yenidən azərbaycanlılara qarşı təcavüzə başladılar. Ailəmiz məcburən doğma kəndi tərk edib Bakıya pənah gətirdilər. Amma həyat yoldaşım bir müddət kənddə qaldı. Ermənilər evlərə od vurub yandırırdılar. Azərbaycanlılar canlarını götürüb qaçdılar. Qohumlarım çox əziyyət çəkdilər. Onları döyüb, ölümcül hala salmışdılar".
Ələyəz kənd sakini Vətən həsrəti ilə yaşadığını söyləyib və öz arzusunu dilə gətirib: "Bu gün Ələyəz sakinləri Vətən həsrəti ilə yaşayırlar. Elə həsrət çəkirəm, Vətənə gedəm, bir dəfə öz eyvanımıza çıxam, oradan da o qəbiristanlığa baxam. Vətən həsrətini təkcə mən yox, hamı çəkir. Orada doğulmuşam, ulu babamın, atamın qəbri var. Ən böyük arzum doğma kəndimə qayıtmaq, ata-baba yurdunu ziyarət etməkdir. Bir arzum var, gedim, nəvələrimi də aparım, o cənnət məkanı, o həyətimizi gəzdirim. Vətəni görmədən ölmək istəmirəm. İnanırıq ki, bu arzular gerçəkləşəcək, gedib öz yurdumuzda yaşayacağıq".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş oktyabrın 18-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "YouTube" kanalında yayımlanıb.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: "Ermənistan tarixini XVIII əsrdə mxitaristlər uydurublar"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənistan tarixini XVIII əsrdə mxitaristlər...