Prezidentin Tirana triumfu - Aİ Azərbaycanla münasibətlərdə yeni mərhələyə başlayır

Prezidentin Tirana triumfu - Aİ Azərbaycanla münasibətlərdə yeni mərhələyə başlayır
Foto
Siyasət 123

Azərbaycan Prezidenti İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin Albaniyanın paytaxtı Tiranada keçirilən VI zirvə toplantısında iştirakı ölkəmizin Avropa ölkələri ilə əlaqələrinin inkişafının növbəti təzahürü oldu.

Artıq neçənci dəfədir ki, Azərbaycan toplantıya ən ali qonaq kimi dəvət olunur və bu da şübhəsiz ki, onun nüfuzunun göstəricisidir.

Avropa tərəfindən böyük geosiyasi məkanda etibarlı tərəfdaş kimi nəzərdən keçirilir.

Ən böyük nailiyyət isə ondan ibarətdir ki, Azərbaycan enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər gündəmlərin mürəkkəb məsələləri kontekstində aydın fəaliyyət proqramı təqdim etməyə müvəffəq olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Avropa Siyasi Birliyi" Avropa İttifaqının (Aİ) ən mühüm platformalarından biridir və ölkəmiz də onun Zirvə toplantılarının əksəriyyətində ən yüksək səviyyədə təmsil olunub.

Xüsusilə 2022-ci il Praqa Zirvə toplantısı ən ciddi diplomatik uğurlarımızdan biri kimi yadda qalıb.

Məhz həmin görüşdə Azərbaycanın ərazi bütövlüyü Ermənistan və Fransa tərəfindən qəbul edildi.

Ərazi bütövlüyü və müstəqilliyin bərpasından sonra dünya bir həqiqəti qəbul etməyə məcbur oldu - Azərbaycan beynəlxalq miqyasda regional gücə çevrilib, bu gün Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun isə nüfuzlu gücüdür.

Bu kontekstdə Tiranaya dəvət həm də Azərbaycanla bağlı bir müddətdir ki, Qərbdə aparılan çirkin kampaniyanın alt-üst olması idi. Avropa ittifaqı və Avropa Parlamenti dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib, qondarma qətnamələrin qəbulu ilə yadda qalıb. Bu dəvət onu deməyə əsas verir ki, Avropa İttifaqı öz sıralarında Azərbaycanı görmək, müzakirə olunan taleyüklü məsələlərlə bağlı rəsmi Bakının da mövqeyini dinləmək istəyir. Bunun təsdiqi də Prezidentin Zirvə toplantısında olan maraq və diqqət idi. Sammitin ilk günündə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Böyük Britaniya, Çexiya, Slovakiya, Albaniya, Macarıstan hökumət başçıları Azərbaycan Prezidenti ilə görüşmək istəyini bildirdilər. Bu görüşlər Avropa elitasının Bakıya formalaşmış güc mərkəzi kimi böyük marağını nümayiş etdirdi. İlham Əliyevin Albaniya paytaxtında Aİ rəhbərləri ilə intensiv görüşləri Brüsselin Bakıya qarşılıqlı əlaqə arenasında sabitləşdirici amil kimi çıxış edən aktora artan marağını bir daha təsdiqlədi.

Hər kəs aydın gördü ki, əksər dövlət başçıları – Fransadan tutmuş Ermənistana kimi hər kəs Prezident İlham Əliyevlə görüşüm müzakirə aparmaq istəyirdilər. Təbii ki, Azərbaycan Prezidenti buna apardığı uğurlu çoxvektorlu xarici siyasət kursu, yüksək diplomatik peşəkarlığı ilə nail olunub. Avropa liderləri də görür ki, Azərbaycan lideri artıq bir çox ölkələr arasında uzun illərdir davam edən münaqişələrin, problemlərin həllində vasitəçi kimi qəbul edilir. Azərbaycan qlobal proseslərə ədalətli yanaşması, özünün nüfuzu və çəkisi ilə hər kəsi özünə cəlb edir. Təsadüfi deyil ki, BMT-nin ən ali iqlim tədbirlərindən biri - COP-29 məhz Azərbaycanda keçirildi. Bu, Azərbaycanın artan nüfuzundan xəbər verir. Bu gün yaranmış mənzərə onu deməyə əsas verir ki, yalnız regional deyil, dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli hesab olunur.

"Avropa Siyasi Birliyi bəyan edir ki, bu siyasi koordinasiya platforması heç bir mövcud təşkilatı, strukturu və ya prosesi əvəz etmir. Sadəcə, ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirməyə ehtiyac var. Bütün səylər yeni geosiyasi dəyişikliklər fonunda Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməyə hesablanıb.

Sammit çərçivəsində aparılan müzakirələr zamanı Aİ regional münasibətlərə, sülh və təhlükəsizliyin təmin olunmasına sərmayə qoymağa, bütün regionu bir-birinə yaxınlaşdırmağa hazır olduğunu bəyan etdi. Bu prosesdə Azərbaycan kimi nüfuzlu dövlətin töhfəsi Avropa üçün vacibdir.

Tiranada keçirilən Zirvə toplantısı hansı nəticələrlə yadda qaldı? Ən əsası Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin geriyə doğru istiqamət götürdüyü barədə fikirlər aradan qalxmış oldu. yeri gəlmişkən, ABŞ-də olduğu kimi, Avropa İttifaqının da əvvəlki rəhbərliyinin bu prosesdə mənfi rolu yadda çıxmamalıdır. Yada salaq ki, məhz ABŞ-nin əvvəlki rəhbəri Cozef Baydenin qərəzli və ermənipərəst mövqeyi nəticəsində ABŞ-Azərbaycan münasibətlərində gərginlik yaşanırdı. Lakin Donald Trampın prezident postuna təkrar seçilməsi ilə münasibətlərdə yüksələn xətlə inkişaf edir. "Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram", - deyə ABŞ Prezidenti azərbaycanlı həmkarına göndərdiyi təbrik məktubunda bəyan etmişdi.

Analoji münasibəti Aİ ilə də bağlı söyləmək olar. Məhz Aİ-nin əvvəlki administrasiyası tərəfindən Azərbaycana münasibətdə haqsızlıq açıq-aşkar hiss olunub. Aİ də ABŞ kimi başa düşməyə başlayır ki, onun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan etibarlı tərəfdaşdır. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycan səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə Prezident İlham Əliyevin görüşləri təşkilatın Azərbaycana verdiyi əhəmiyyətin bariz nümunələridir.

Artıq deyə bilərik ki, Aİ ilə Azərbaycan arasında siyasi münasibətlər tamamilə bərpa olunub və normal məcradadır. Azərbaycanla gərginliyin səbəbkarı da məhz Avropa İttifaqı olub. Ermənistan Aİ ilə münasibətlərində regionda əlahiddə və inhisarçı mövqeyə sahiblənməyə, ayırıcı xətlərin yaranmasına çalışırdı. Aİ də bu cəhdləri dəstəkləyən qüvvələr də varıydı. Amma Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu. Bütün bunları Avropa ilə Azərbaycan arasında münasibətlərin normal məcrada inkişafı ilə yanaşı, yeni dövrün başlanğıcı kimi də xarakterizə olunmalıdır.

Bir sözlə, Albaniyanın Tirana şəhərində keçirilən 6-cı "Avropa Siyasi Birliyi"nin sammiti tam məsuliyyətlə həm qitənin, həm də bu gün ən böyük geosiyasi birlik olan Aİ-nin gələcəyinə aydınlıq gətirməli olan taleyüklü, dönüş nöqtəsi kimi qiymətləndirməlidir.

Son xəbərlər