Prezidentin tapşırığı ilə təcili toplantı keçirilir (FOTO)
06
okt
2017
12:00
Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilir.BAKU.WS-in trend-ə istinadən məlumatına görə, Konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bugünkü toplantı prezidentin bilavasitə tapşırığı ilə keçirilir.Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları, media rəhbərləri və digər qonaqlar iştirak edirlər.Əli Həsənov Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində siyasətində yer alan əsas məqamlara toxunaraq bildirib ki, dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir: “Həqiqətən də Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır”.Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib: “Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Bircə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib”.Ə.Həsənov əlavə edib ki, Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olub. Fərmanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb: "Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə minməsi oldu. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib”.Ə.Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl davam etdirir: “Cənab Prezident 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulayıb, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Azərbaycan Prezidentinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb”.Prezidentin köməkçisi deyib ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: “Təəssüf ki, tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, Prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir, aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur”.Onun sözlərinə görə, təəssüf ki, hələ 2012-ci ildə imzalanmış Prezident Sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb: “Ona görə də cənab Prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib”.Ə.Həsənov bildirib ki, Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır: “Biz bu gün teleradio məkanında dövlət dilindən istifadənin vəziyyəti, Azərbaycan dilinin qorunması və inkişafı məsələləri barədə müzakirələr aparmalı və bu sahədə mövcud problemlərə dair açıq fikir bildirməliyik. Ümid edirəm ki, bu müzakirələr yol verilmiş nöqsanların səbəblərinin aydınlaşdırılmasına və aradan qaldırılmasına kömək edəcək”.Daha sonra çıxış edən N.Məhərrəmli deyib ki, MTRŞ yarandığı ilk gündən ana dilinin televiziya və radio kanallarında istifadəsini diqqətdə saxlayıb. O bildirib ki, 2003-cü ildə televiziya kanallarında monitorinq apararkən Azərbaycan dilində olan verilişlərin həcminin 50 faizdən az olduğu ortaya çıxdı, lakin sonra görülən tədbirlər nəticəsində Azərbaycan dilli verilişlərin həcmi 75 faizə qədər artırıldı: “Sonrakı mərhələdə aparılan işlər nəticəsində Azərbaycan dilli verilişlərin həcmi 100 faiz oldu. Daha sonrakı mərhələdən isə - 2011-ci ildə dilçi alimlərlə yanaşı, MTRŞ tele-radio məkanında ədəbi dilin normaları ilə bağlı monitorinqlər aparmağa başladı. Bu monitorinqlərin nəticələri narahatedici idi və ona görə də mütəmadi olaraq monitorinqlər davam etdirilir”.N.Məhərrəmlinin sözlərinə görə, birinci narahatlıq doğuran məsələ məişət dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsidir. O qeyd edib ki, tele-radio məkanında məişət dilindən istifadə olunur: “Bu, ciddi məsələdir. Ədəbi dil normaları hər hansı bir bölgənin ləhcəsi əsasında qurulmayıb. Çox təəssüf ki, bəzən özəl televiziya kanallarında bu qaydalar kobud şəkildə pozulur. Televiziya və radio kanalları bu barədə ciddi düşünməli və daxili nəzarəti gücləndirməlidirlər. Digər bir problem isə televiziyalarda əcnəbi sözlərin işlənməsidir. Daha çox ümumxalq danışıq dilində əcnəbi dillərdən keçən sözlərin sayı artmaqdadır. Bəzən bizim aparıcılarımız özünü daha savadlı, müasir göstərmək üçün əcnəbi sözlərdən istifadə edirlər, lakin bu, əks effekt verir. İnsanlarımız xaricdə təhsil alıb gələrkən ana dilini unudurlar ki, bu da yolverilməzdir".MTRŞ sədri deyib ki, bizi narahat edən məqamlardan biri də aparıcıların vurğu məsələsində diqqət yetirməməsidir: "Bəzən vurğu yerində deyilməyəndə, tamaşaçı onu qavramır. Monitorinqin nəticələrinə görə, ən çox pozulan fonetik normalarıdır. Burada əsas məsuliyyət xəbər və informasiya verilişlərinin diktorlarının üzərinə düşür. Verilişdə diktor mətni oxuyarkən fonetik qaydalara əməl etmirlər. Sürətli danışıq problemi də bu gün aktualdır. Sanki xarici kanallardan götürüb bizdə tətbiq edirlər. Sürətli danışıq tamaşaçıya onu qavramaqda çətinlik törədir. Reklamla bağlı vəziyyət isə daha acınacaqlıdır. Reklamlar daha çox xaricdə çəkilir və Azərbaycana gətirilərkən hərfi tərcümə olunur və bu da düzgün alınmır. Dublaj olunan filmlərdə də problemlər var. Biz bütün bu məsələləri diqqətdə saxlamalıyıq. Hər bir aparıcı Azərbaycan dilini səlis bilməli və onun üzərində ciddi nəzarət olunmalıdır. Telekanallarda bədii şuralar yarandı, amma əfsus ki, bu şuralar kağız üzərində qaldı, bu məsələyə xüsusi diqqət yetirilməlidir. Bu sahədə hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.BAKU.WS
Oxşar xəbərlər
Ev alan jurnalistlər prezidentlə selfi etdi (FOTO)
Bu gün prezident İlham Əliyev mənzil alan 255 jurnalistlə görüşüb. BAKU.WS-in "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, media təmsilçiləri ölkə başçısı i...