KİVDF-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirildi - FOTO
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Fonddan BAKU.WS-ə verilən məlumata görə, iclasda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Fondun icraçı direktoru Vüqar Səfərli və Müşahidə Şurasının yeni təyin olunmuş üzvləri iştirak ediblər.
Ə.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin 13 iyun 2017-ci il tarixli sərəncamı ilə yenidən Fondun icraçı direktoru təyin edilmiş V.Səfərlini təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Ə.Həsənov dövlət başçısının 5 iyun 2017-ci il tarixli sərəncamı ilə təyin edilmiş Fondun Müşahidə Şurasının üzvlərini də təbrik edərək, onların Fondun səmərəli fəaliyyətinə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib. Fondun icraçı direktorunun və Müşahidə Şurasının yeni üzvlərinin cəmiyyətdə tanındıqlarını və medianın inkişafında mühüm xidmətlərinin olduğunu vurğulayaraq, onların ölkə başçısının yüksək etimadını doğruldacaqlarına inandığını bildirib.
Ə.Həsənov dövlətin mediaya daim yüksək diqqət və qayğı göstərdiyini, bunun əyani nümunəsi olaraq 8 il əvvəl yaradılmış Fondun fəaliyyətini və həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Ə.Həsənov Fondun fəaliyyətinin ictimaiyyət üçün daim açıq olduğunu, medianın inkişafına xidmət edən bütün qərarların Müşahidə Şurasının iclaslarında şəffaf və kollegial şəkildə qəbul olunduğunu bildirərək ötən illərdə formalaşmış müsbət idarəçilik ənənələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Ə.Həsənov Fondun dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişafına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının inşa edilməsini dünyada analoqu olmayan konstruktiv təcrübə kimi qiymətləndirən Ə.Həsənov 22 iyul - Milli Mətbuat Günü münasibətilə daha 255 mənzilin ədalətli və şəffaf seçim əsasında jurnalistlərin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.
PA rəsmisi qeyd edib ki, ölkə rəhbərliyi bundan sonra da medianın inkişafına və problemlərinin həllinə, eləcə də Fondun bu sahədə həyata keçirdiyi layihələrin uğurla reallaşdırılmasına dəstəyini əsirgəməyəcək.
Sonra Fondun Nizamnaməsinə müvafiq olaraq, iclasda Müşahidə Şurasının sədri və sədr müavininin seçilməsi ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərinin yekdil səsverməsi ilə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov Şuranın sədri, Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov sədr müavini seçilib.
Fondun icraçı direktoru V.Səfərli çıxışında göstərilən yüksək etimada görə, öz adından və Müşahidə Şurasının yeni üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib. İcraçı direktor göstərilən etimadı doğrultmaq üçün bundan sonra da səylə çalışacaqlarını qeyd edib. V.Səfərli medianın problemlərinin həllinə həssas və qayğıkeş münasibətinə görə, eyni zamanda Ə.Həsənova minnətdarlığını bildirib.
Müşahidə Şurasının sədri H.Həsənov, şura üzvlərindən İntiqam Hümbətov və Bəhruz Quliyev çıxış edərək göstərilən yüksək etimada görə dövlət başçısına təşəkkürlərini bildirib, Fondun və Müşahidə Şurasının səmərəli fəaliyyəti üçün səylə çalışacaqlarını vurğulayıblar.
İclasda Fondun gələcək fəaliyyət istiqamətləri ətrafında da müzakirələr aparılıb.
BAKU.WS
Oxşar xəbərlər
Prezident Vüqar Səfərli ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Vüqar Müzəffər oğlu Səfərli ilə bağlı sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncama əsasən Vüqar Səfərli yenidən Azərbaycan Resp...