Politoloq: Paşinyanın Qarabağdakı separatçı rejimə dəstəyi Praqada əldə olunan razılaşmalarla ziddiyyət təşkil edirdi
2023-cü il sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı separatçı rejimin "müstəqillik bəyannaməsinin qəbulu günü" ilə bağlı təbrik müraciəti yayımlayıb.
Ermənistan hökumətinin rəsmi saytında yayımlanan müraciətdə Paşinyan həmin günün 32-ci ildönümü münasibətilə mesaj ünvanlayıb.
Bundan bir neçə gün sonra – sentyabrın 9-da Qarabağdakı separatçı rejimdə yeni "prezident seçkisi" keçirilib. Bu proses Azərbaycan tərəfindən qanunsuz hesab olunub.
Qeyd olunan hadisələr 2022-ci il oktyabrın 6-da Praqada keçirilmiş görüş zamanı əldə olunan razılaşmalar fonunda diqqət çəkib. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iştirak ediblər. Görüşdən sonra yayılan açıqlamada Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bildirilib.
Politoloq Əziz Əlibəyli BAKU.WS-ə açıqlamasında bildirib ki, bütün bunlar Ermənistan hakimiyyətinin mövqeyində ziddiyyətlərin olduğunu göstərirdi.
"2022-ci ildə Praqada görüş keçirildi. O görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bildirdilər. Bu görüşdə həm də o vaxt Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iştirak edirdi. Bundan başqa, Fransa Prezidenti Emmanuel Makron da iştirakçılar arasında idi.
Amma sonra 2023-cü ildə, sentyabrın 9-da qondarma rejim saxta seçkilər keçirdi.
Burada artıq iki məsələ ortaya çıxdı. Birincisi, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa, onda niyə qondarma rejimi təbrik edirsən?!
İkincisi, Azərbaycan ərazisində saxta seçki keçirirsən və bununla da Azərbaycanın ərazi bütövlüyünü tanımadığını nümayiş etdirirsən. Bu, antiterror əməliyyatı üçün Azərbaycana hüquqi üstünlük və qanuni əsas verdi", - deyə siyasətçi vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb BAKU.WS xəbər...