Politoloq: Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi ədalət bərpa olundu

Politoloq: Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi ədalət bərpa olundu
Şərh
Siyasət 13

"27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan mövqelərinə, sərhədyanı rayonlara və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi təxribatından sonra demək olar ki, Azərbaycanın artıq səbir kasası daşdı və Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı".

Bu sözləri Milli Məclisin deputatı, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri, tanınmış politoloq Arzu Nağıyev BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olub.

Politoloq: Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi ədalət bərpa olundu

"Bundan üç il sonra lokal antiterror əməliyyatları keçirildi və birmənalı şəkildə düşmən Azərbaycan ərazisindən qovuldu. Azərbaycanın bütün ərazisində bayraqlar qaldırıldı. Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Burada əsas məqam, düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, onun apardığı informasiya müharibəsi, eyni zamanda şəhadəti şərəf sayan Azərbaycan valideyninin və şanlı Azərbaycan Ordusunun vəhdəti nəticəsində əldə edildi", - deyə millət vəkili bildirib.

Siyasətçi onu da vurğulayıb ki, burada xüsusi xidmət orqanlarının, digər hərbi qurumların və hüquq-mühafizə orqanlarının da rolu danılmaz və olduqca böyükdür:

"Zəfərin əsasını, təbii ki, Azərbaycan əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı təşkil etdi. Minlərlə hərbçimiz Vətən uğrunda canından keçərək şəhid oldu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. 27 sentyabr ilk növbədə onların müqəddəs xatirəsinə ehtiram günüdür.

Ali Baş Komandanın qətiyyətini gördük. Ali Baş Komandanın ətrafında sıx birləşən, ordumuza mənəvi və maddi dəstək göstərən Azərbaycan xalqını gördük. Demək istərdim ki, hər bir Azərbaycan vətəndaşı bilirdi ki, bu, tarixi ədalətin bərpasıdır.

Azərbaycan Ordusunun hərbi uğurları nəticəsində üçrəngli bayrağımız Şuşada, digər azad edilmiş şəhər və kəndlərdə ucaldıldı. Sərhəd kəndlərimizdə, Ermənistanla sərhədimizin hər bir yerində Azərbaycanın bayraqları ucaldıldı. Azərbaycan ərazisində Ermənistanla təxminən 1007 kilometr uzunluğunda sərhəd var.

Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi ədalət bərpa olundu. Burada milli iradədən də, dövlətçilikdən də danışmaq olar. Azərbaycan Prezidentinin apardığı siyasət, ərazi bütövlüyünün və suverenliyin qorunması eyni zamanda Azərbaycan vətəndaşının rifahıdır".

Politoloqun fikrincə, müharibədən sonrakı dövrdə ən mühüm vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası, minalardan təmizlənməsi və keçmiş məcburi köçkünlərin geri qayıtmasıdır:

"Bu istiqamətdə həyata keçirilən Böyük Qayıdış proqramı Zəfərin sülh və quruculuq mərhələsidir. Qeyd etmək istərdim ki, 27 sentyabrdan sonra məhz bu hadisələrin nəticəsində həssas bir təbəqəmiz yarandı.

Bunların yanında olmaq, eyni zamanda onların hərtərəfli məişət, sosial və digər problemlərinin həlli istiqamətində atılan addımlar danılmazdır. Birinci vitse-prezident Mehriban xanımın göstərişinə uyğun olaraq, Heydər Əliyev Fondu tərəfindən bu həssas təbəqəyə – istər şəhid ailələrinə, istər müharibə iştirakçılarının ailələrinə, istərsə də yaralılarımıza və digər şəxslərə – bütün proseslərdə birmənalı şəkildə dəstək göstərilib. Dövlət həmin şəxslərin yanında olub.

Azərbaycanın məhz əldə edilmiş Zəfəri qorumaq, təhlükəsizliyi və gələcəyi təmin etmək istiqamətində ciddi addımlar atılır.

Yəni bu, sülhü daim qorumaq, eyni zamanda sülhün bərqərar olunmasını təmin etmək üçün çox mühüm addımlardır. Müdafiə və təhlükəsizlik istiqamətində böyük işlər görülür. Bu gün də təhdidlərin azalması müşahidə olunsa da, birmənalı şəkildə biz bu istiqamətdə öz addımlarımızı atırıq.

Beləliklə, sentyabrın 27-də Azərbaycan-Ermənistan təmas xəttində başlanmış müqəddəs müharibə ermənilərin özləri haqqında yaratdığı mifi darmadağın etdi. Azərbaycan xalqının necə bir qalib xalq olduğunu bütün dünyaya göstərdi.

Bu, beynəlxalq səviyyədə də tanındı. Vaxtilə Birləşmiş Millətlər Təşkilatının qətnamələrini yerinə yetirmək istəməyən beynəlxalq qüvvələrə bir dərs oldu. Biz sübut etdik ki, öz vətənimiz üçün əlimizdən gələni edəcəyik. Onun suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması istiqamətində sıx birləşən bir xalqıq"

Son xəbərlər