Naxçıvanın strateji əhəmiyyəti qloballaşır - Ekspert
"Naxçıvan Azərbaycanın hər zaman mühüm strateji ərazilərindən biri olub. Hazırkı dövrdə isə bölgənin geosiyasi və nəqliyyat əhəmiyyəti daha da artır."
Politoloq Əziz Əlibəyli BAKU.WS-ə açıqlamasında bildirib ki, Naxçıvanın Zəngəzur dəhlizi üzərində yerləşməsi onun Azərbaycanın Avropaya çıxışında mühüm coğrafi mövqeyə malik olduğunu göstərir.
Onun sözlərinə görə, İran və Rusiya-Ukrayna müharibələri fonunda Orta Dəhlizə maraq daha da artıb:
"İranla bağlı proseslər, Rusiya-Ukrayna müharibəsi və digər geosiyasi hadisələr fonunda daha təhlükəsiz və alternativ nəqliyyat marşrutlarının axtarışı davam edir. Bu baxımdan Azərbaycanın, onun mühüm çıxış nöqtələrindən biri kimi isə Naxçıvanın rolu artır".
Politoloq Naxçıvanın statusu məsələsinə də toxunub. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra Naxçıvanla bağlı hüquqi və idarəetmə proseslərinə yeni yanaşmalar formalaşa bilər.
Ə.Əlibəyli hesab edir ki, Azərbaycanın unitar dövlət quruluşunun möhkəmləndirilməsi baxımından Naxçıvan məsələsinə də xüsusi diqqət yetirilməlidir:
"Azərbaycanın bölünməzliyi və ərazi bütövlüyünün təmin olunması fonunda Naxçıvanın gələcək statusu və idarəetmə modeli də mühüm müzakirə mövzusudur. Bu məsələyə Qarabağda aparılan yeni idarəetmə siyasəti ilə yanaşı, bütövlükdə ölkənin idarəetmə modelinin inkişafı kontekstində baxmaq mümkündür".
Politoloq Zəngəzur dəhlizinin perspektivlərini də Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticələrin yaratdığı imkanlar fonunda qiymətləndirib. Onun sözlərinə görə, bu layihə regionun nəqliyyat xəritəsini dəyişə və Azərbaycanın regional tranzit əhəmiyyətini daha da artıra bilər.
"Ermənistanla müharibənin nəticələri və Azərbaycanın əldə etdiyi qələbənin yaratdığı dividendlər fonunda Zəngəzur dəhlizi mühüm layihələrdən biri kimi gündəmdədir. Bu məsələ gələcək sülh prosesinin və regionda yeni nəqliyyat kommunikasiyalarının formalaşmasının tərkib hissəsi kimi nəzərdən keçirilə bilər", – deyə Ə.Əlibəyli bildirib.
O əlavə edib ki, qarşıdakı dövrdə Naxçıvanın inkişafı və idarəetmə modeli ilə bağlı atılacaq addımlar həm bölgənin strateji rolunun, həm də Azərbaycanın yeni idarəetmə yanaşmasının qiymətləndirilməsi baxımından əhəmiyyətli olacaq.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Naxçıvanda inşa olunan yeni GES-lər 40 minə yaxın evi elektrik enerjisi ilə təmin edəcək
Naxçıvanda inşa olunan ümumi gücü 50 MVt olan "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyaları (GES) 40 minə yaxın evə elektrik enerjisi ilə təmin edəcək. B...