NATO-nun Avropadakı ən böyük hərbi bazası bu ölkədə tikilir

NATO-nun Avropadakı ən böyük hərbi bazası bu ölkədə tikilir
Siyasət 103

Avropada NATO-nun ən böyük hərbi bazası Rumıniya ərazisində tikilir. Rumıniya Hərbi Hava Qüvvələrinin 57-ci aviabazasının genişləndirilməsi nəticəsində hərbi baza 2040-cı ilə qədər həmin əraziyə yerləşə bilər.

Bu barədə Rumıniya Televiziyası (tvrinfo.ro) məlumat yayıb.

Telekanal qeyd edir ki, Mixail Koqalniçeanu kəndində (ölkənin cənub-şərqindəki Konstansa qraflığı) yerləşəcək və bir neçə min hektar ərazini əhatə edəcək hərbi kompleksin genişləndirilməsi işlərinə başlanılıb. Minlərlə amerikalı hərbçi və onların ailələri burada olacaq. Rumıniya dövləti layihəyə 2,5 milyard dollar sərmayə qoyacaq.

Mixail Koqalniçeanu bazasının genişləndirilməsi nəticəsində meydana çıxacaq nəhəng hərbi kompleks 2,8 min hektar əraziyə sahib olacaq və yeni obyektləri özündə birləşdirəcək. Layihəyə uçuş-enmə zolaqları, yeni idarəetmə qülləsi, mayak və radionaviqasiya sistemi, uçuş simulyatoru və anqarlar daxil olmaqla aerodrom infrastrukturunun genişləndirilməsi daxildir.

Bundan əlavə, inzibati və sosial binalar, məktəb və uşaq bağçaları, mağazalar, restoranlar, kinoteatr və xəstəxana olacaq. 10 min NATO əsgəri ailələri və baza dəstək personalı ilə birlikdə şəhərcikdə yaşayacaq.

Kompleksin giriş yolları və elektrik şəbəkəsinin çəkildiyi cənub hissəsində artıq işlərə başlanılıb. Baza 2040-cı ildə tam istifadəyə veriləcək. Bəzi məlumatlara görə, nəticədə Koqalniçanu kompleksi NATO-nun Avropadakı ən böyük hərbi bazasına çevriləcək.

Telekanal qeyd edir ki, 57-ci Rumıniya Hərbi Hava Qüvvələrinin "Mihail Koqalniceanu" bazasının genişləndirilməsi qərarı Rumıniya sərhədləri yaxınlığında son iki ildə davam edən silahlı münaqişə fonunda qəbul edilib. ABŞ ordusu 1999-cu ildən bəri Mixail Koqalniçeanu bazasından istifadə edir və hazırda Birləşmiş Ştatların 101-ci Hava Desant Diviziyasının elementləri, eləcə də Rumıniya Hərbi Hava Qüvvələrinə hava polisi missiyalarında kömək edən müttəfiq qırıcı təyyarələr orada yerləşir.

Son xəbərlər