MTN olaylarından kim uduzdu, kim uddu?
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Azərbaycan mətbuatının gündəmini zəbt edən bir nömrəli məsələ - Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının törətdiyi cinayətlər mövzusu media cameəsinə də təsir göstərdi. Bu hadisə ilə bağlı məlumatlar yayan bir sıra saytların rəhbərləri Respublika Baş Prokurorluğuna dəvət edildi və kobud desəm onları informasiya intizamına dəvət etdilər.
Baş Prokurorluğun qismində dövləti bu addımı atmağa nə məcbur etdi? İlk baxışdan bu sualın cavabı sadə görünə bilər – dövlət bir sıra kütləvi informasiya vasitələrinin etibarlı mənbələrə istinadən, əslində isə faktiki istinadsız, sadəcə şayiələrə əsaslanan məlumatlar yayaraq cəmiyyətdə fikir formalaşdırmasından narahat oldu və baş verənlərə müdaxilə etmək qərarına gəldi. Hökuməti filan nazir işdən çıxarılır, filankəs filan nazirin yerinə gətiriləcək, filan zabit həbs edildi, filankəsin evində axtarış aparıldı tipli məlumatlar ilk əvvəl narahat etmirdi. Lakin MTN olaylarından cəmi bir həftə sonra dövlət orqanları mətbuatın qalmaqalı şişirdərək hadisələri qarşısıalınmaz formada tamam başqa məcraya yönəltməyə başladığının şahidi oldular. Və bundan sonra daha radikal addımlar atılması qərara alındı. Əvvəlcə Mətbuat Şurası sayt rəhbərləri ilə görüşdü, daha sonra isə onlar Baş Prokurorluğa dəvət edildilər.
Bu görüşlərdən sonra güman ki, mətbuat daha ehtiyatlı və diqqətli davranmağa çalışacaq. Lakin bu inzibati metod problemin köklü həlli yolu ola bilərmi? Fikrimcə, yox! Bax bu məsələnin ən mürəkkəb tərəfidir. Problemin birdəfəlik həlli üçün daha institusional xarakterli addımlar atılmalıdır. Özü də bu addımlar həm mətbuatı, həm də dövlət qurumlarını əhatə etməlidir.
Gəlin təxminən cəmi 1 il əvvəl baş verən hadisələri xatırlayaq. Ötən ilin avqustunda cəbhədə gərginləşən vəziyyət fonunda Azərbaycan mətbuatı uydurma mənbələrə istinadən münaqişə zonasında yerləşən kəndləri alıb-verirdi. Hansısa döyüşlər barədə məlumatlar yayılırdı, Azərbaycan zirehli texnikasının hərəkət marşrutları ilə bağlı məlumatlar yayılırdı. Onda da mətbuatda artıq fakt kimi qələmə verilən şaiyələrin qarşısını almaq üçün media kapitanlarının, Prezident Administrasiyasının rəhbərliyinin iştirakı ilə böyük toplantı keçirildi. Tərəflər bilmədiyini yazmamaq öhdəliyi götürdülər. Və budur cəmi bir ildən sonra eyni vəziyyət təkrarlanır. Bu isə inzibati metodların işlək olmadığına dəlalət edir.
MTN ətrafında ən müxtəlif şayiələrin yayılmasına, nazirlərin istefaya göndərilməsinə və yeni təyinatlara nə səbəb oldu? Sualın cavabı çox sadədir – məlumatsızlıq. MTN ətrafında baş verənlərlə bağlı cəmi bir və ya iki dəfə rəsmi məlumat yayılıb. Bu məlumatlar da çox kasad olub. Cəmiyyətin informasiya aclığını görən və bir-biri ilə rəqabətdə olan saytlar isə bu məlumatsızlığı aradan qaldırmaq üçün addımlar atmağa başlayıblar. Onlar Akif Çovdarovu məhkəmə binasına qədər ötürüblər və onun əli qandallı binadan çıxarılmasını görüntüləyiblər, bu şəxsin mülklərini çəkiblər və s. Daha sonra dövlət orqanlarının susması və məlumatsızlıq internet saytları artıq şaiyələrə doğru hərəkət etməyə vadar edib. Və burada mətbuat sadə dillə desək ağını çıxartdı. Dövlət qurumları MTN ətrafında baş verənlərə vaxtında informasiya müdaxiləsi etməklə prosesi asanlıqla nəzarətdə saxlaya bilərdilər. Təəsüf ki, bu baş vermədi və nəticədə hadisələr arzuolunmaz istiqamətdə inkişaf etdi. Müasir dövrdə, informasiya kommunikasiya texnologiyaları dövründə ictimaiyyətlə əlaqələr böyük bir elmdir ki, Azərbaycanın bir sıra dövlət qurumları bu elmi hələ öyrənməlidirlər.
MTN olayları sırf cinayətdən əlavə Azərbaycan tarixində digər bir səhifəni də açdı. Bu ilk dəfə idi ki, Azərbaycanda mətbuatdan qara PR üçün bu dərəcədə geniş istifadə edirdilər. Fürsətdən istifadə edib kimisə vurmaq üçün müəyyən qüvvələr özlərinə yaxın olan KİV-lərin imkanlarından istifadə etməyə çalışdılar. Bu miqyasda qara PR kampaniyası və mətbuat səhifələrində davalar hələ olmamışdı. Təəsüf ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə qara PR-la mübarizə aparmaq çox çətindir. Qara PR probleminin öhdəsindən hətta inkişaf etmiş ölkələrdə belə gələ bilməyiblər. Amma dövlət özünün informasiya təhlükəsizliyini təmin etməsinin yollarını tapmalıdır. Bu bir sıra dövlət qurumlarının, o cümlədən hazırda tənqid obyekti olan Milli Təhlükəsizlik Nazirliyinin əsas vəzifələrindən biridir.
Azərbaycanda və eləcə də bütün dünyada KİV-də qara PR texnologiyası çox sadədir. Hansısa çox az oxunan kütləvi informasiya vasitəsində bu və ya digər şəxs/proses barədə məlumat çap olunur. Bu məlumat həmin KİV-ə ya məqsədli surətdə ötürülür, ya da reket kimi işləyən həmin kütləvi informasiya vasitəsi bundan qazanc əldə etmək istəyir. Növbəti mərhələdə daha ciddi kütləvi informasiya vasitəsi sosial şəbəkələr vasitəsilə tirajlanan bu məlumatı adı heç kimə məlum olmayan KİV-ə istinad etməklə dərc edir. Bununla da məlumat artıq faktiki rəsmiləşir, onunla bağlı şərhlər alınmağa başlayır və təxminən bir həftədən sonra bütün təkziblərə baxmayaraq az qala rəsmi məlumata çevrilir. İndi bir anlığa təsəvvür edin ki, rəsmi təkzib də gecikir və cəmi bir həftəyə öz iş otağında oturub işləyən şəxs mətbuat səhifələrində istefaya göndərilir.
Bununla necə mübarizə aparmaq olar? Nə etmək lazımdır ki, kimsə dövlətin informasiya təhlükəsizliyinə təhdidlər yaratmasın? Necə eləmək olar ki, cəmiyyətdə yanlış ictimai fikir formalaşdırılmasın?
Əslində çıxış yolu sadədir. KİV-lərdə məsuliyyət hissini gücləndirmək lazımdır. Qeyri-rəsmi informasiya mənbələri ilə işləyən kütləvi informasiya mənbələri öz məsuliyyətlərini dərk etməlidirlər. Bunun yolu isə məhkəmələrdən keçir. Sarı mətbuat şərəf və ləyaqətlə bağlı bir neçə ədalətli keçirilmiş məhkəmə çəkişməsini uduzarsa, onun sahibləri cərimələnərsə internet saytların və qəzetlərin məsuliyyəti qat-qat artacaq. Özü də iddialar yalnız bu məlumatı yayan ilkin mənbəyə qarşı deyil, həm də onu tirajlayanların hamısına qarşı qaldırılmalıdır. Gərəkərsə bunun üçün kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunlara dəyişikliklər edilməlidir. Habelə, İnternetdə şərəf və ləyaqətin təhqiri, ingüzar nüfuza ziyan vurulması ilə bağlı normativ aktlar qəbul edilməlidir.
Əslində biz indi çox çətin bir dövrü yaşayırıq. Əgər Azərbaycan mətbuatının özünütənzimləmə mexanizmləri yaradılmasa, qanunvericilik təkmilləşdirilməsə, mətbuatın peşəkarlığı artırılmasa cəmi bir neçə ildən sonra ölkədə səviyyəli KİV-ləri barmaqla saymaq olacaq. Bu isə o deməkdir ki, Azərbaycan oxucusu obyektiv və real informasiya üçün xarici mənbələrə müraciət etməli olacaq. Belə olacaq halda ölkənin informasiya təhlükəsizliyinin nə vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyil. Bu perspektivin qarşısını almaq üçün həm dövlət, həm də mətbuat indidən tədbirlər görməlidir. Dövlət orqanları daha şəffaf, mətbuat isə daha peşəkar və məsuliyyətli olmağı öyrənməlidir.
Əli Mahmudov
BAKU.WS
Oxşar xəbərlər
Bəzi informasiya saytlarının rəhbərləri Baş Prokurorluğa çağırıldı (RƏSMİ)
Azərbaycan Respublikası Baş Prokurorluğu bəzi kütləvi informasiya vasitələrinə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, a...