Milli Məclisin xanım deputatları - YENİ SİYAHI

Milli Məclisin xanım deputatları - YENİ SİYAHI
Siyasət 10367

9 fevralda Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə əsasən, 22 xanım deputat dairələri üzrə liderdir.

BAKU.WS xəbər verir ki, onlardan ən gənci Səbinə Xasayeva (26 yaş), ən yaşlısı isə Aqiyə Naxçıvanlıdır (69 yaş).

Məlumat üçün bildirək ki, Milli Məclisin bundan öncəki tərkibində 21 xanım deputat təmsil olunurdu.

Yeni tərkibdəki 22 nəfərdən 12-si yenidən deputat seçilənlərdir:

Ülviyyə Həmzəyeva – 37 yaş

Ülviyyə Ağayeva - 41 yaş

Pərvin Kərimzadə - 44 yaş

Qənirə Paşayeva – 44 yaş

Sevinc Fətəliyeva – 40 yaş

Sevinc Hüseynova – 50 yaş

Kamilə Əliyeva – 52 yaş

Jalə Əliyeva – 53 yaş

Məlahət İbrahimqızı – 61 yaş

Sahibə Qafarova - 64 yaş

Sədaqət Vəliyeva – 65 yaş

Aqiyə Naxçıvanlı – 69 yaş

Yekun nəticədə aşağıdakı şəxslərin deputatlığı təsdiqlənsə, Milli Məclisin yeni tərkibindəki xanım deputatlar sırasına daha 10 xanım deputat qoşulacaq:

Səbinə Xasayeva – 26 yaş

Lökbatan bələdiyyəsinin sədr müavini olan Səbinə Xasayeva 1993-cü ildə anadan olub. Onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, YAP-ın namizədi 37 məntəqə üzrə 48.5 faiz səs toplayaraq qalib gəlib.

Azərbaycan Xarici dillər Universitetinin bakalavr pilləsini bitirib, Azərbaycan Neft və Sənaye Universitetində isə (MBA üzrə) magistr təhsili alıb. İngilis və norvec dilllərini mükəmməl bilir.

Könül Nurullayeva – 34 yaş

1985-ci il dekabırın 1-də Bakı şəhərində anadan olub.

İctimai xadim, Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Avropa Olimpiya Komitəsinin "İdmanda Gender Bərabərliyi" Komissiyasının üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibidir.

6 saylı orta məktəbi bitirib. 2003-2008-ci illərdə Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsil alıb.

2008-2010-cu illərdə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr pilləsinə yiyələnib.

Nigar Arpadarai – 38 yaş

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiyalar Şöbəsinin rəhbəridir.

O, 29 saylı Səbail Seçki Dairəsindən bitərəf namizəd kimi qatılıb və 42.3 faiz səslə qalib gəlib.

Jalə Əhmədova – 38 yaş

1981-ci il təvəllüdlü J.Əhmədova ixtisasca hüquqşünasdır. Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşıdır.

Namizədliyi 59 saylı Salyan Seçki Dairəsi tərəfindən qeydə alınıb.

Əminə Ağazadə - 39 yaş

Ağazadə Əminə Həmid qızı 26 mart 1980-ci il tarixində Bakı şəhərində anadan olub.

1997-ci ildə Bakı şəhər 20 nömrəli orta məktəbi bitirib.

Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavriat və cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisaslaşması üzrə magistratura dərəcəsini alıb.

2002-ci ildən etibarən prokuroluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hazırda Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviridir.

Azərbaycan, rus və ingilis dillərini bilir. Evlidir, 1 oğlu var.

Sevil Mikayılova – 45 yaş

''Trend analitik informasiya agentliyi''nin baş direktorunun müavinidir. Öz təşəbbüsü ilə 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizədliyini irəli sürüb və 43.8 faiz səslə qalib gəlib.

Fatma Yıldırım – 47 yaş

Fatma Yıldırım 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunudur, fəlsəfə doktorudur.

2012-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra isə “Mənzil İnşaatı Dövlət Agentliyi”ndə “İnsan resursları” şöbəsinin müdiri vəzifəsində çalışıb.

2018-ci ildən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “İnsan resursları” şöbəsinin müdiri və dövlət qulluğunun müşaviridir.

Yeni Azərbaycan Partiyası (YAP) onun namizədliyini 93 saylı Bərdə şəhər seçki dairəsindən irəli sürüb. O, 65.7 faiz səslə lider namizəddir.

Ailəlidir, iki övladı var.

Afət Həsənova – 59 yaş

Seçkilərə qədər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini olaraq çalışıb.

YAP 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Afət Həsənovanı namizəd kimi qeydə alıb.

Səsvermədə 64.9 faiz səs toplayıb.

Tamam Cəfərova – 60 yaş

Tarix elmləri namizədi, dosent Tamam Cəfərova 1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olub. 1976-cı ildə Bakı şəhəri, 180 saylı orta məktəbi qızıl medalla bitirib.

1981-ci ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllim kimi əmək fəaliyyətinə başlayıb.

Hazırda Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektordur.

Tamam Cəfərova 2006-2016-cı illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzv olub.

2005-ci ildə keçirilən parlament seçkilərində 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsi üzrə namizəd olaraq iştirak edib və səsvermədə 48.9 faiz səs toplayıb.

Hicran Hüseynova – 64 yaş

Hicran Hüseynova 13 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə 6 nömrəli orta məktəbi, 1977-ci ildə isə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

2006-cı ilin dekabr ayından Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri vəzifəsində çalışır.

Siyasi elmlər doktoru, professor. Azərbaycanda siyasi elmlər doktoru adını almış ilk qadındır.

Ailəlidir, 2 övladı, 3 nəvəsi var.

Son xəbərlər