Laçının işğaldan azad edilməsindən dörd il ötür

Laçının işğaldan azad edilməsindən dörd il ötür
Siyasət 33

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun işğaldan azad edilməsindən 4 il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.

Laçında erməni vəhşiliyi

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.

İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.

Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir

Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsidir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində deyib: "Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər - 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə".

Laçının yeni inkişaf dövrü başlayıb

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır.

Prezident İlham Əliyev azad olunmuş Laçın rayonuna 4 dəfə səfər edib. İlk səfəri zamanı dövlətimizin başçısı Güləbird kəndində Azərbaycan bayrağını ucaldıb. Generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa ediləcək. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Prezident İlham Əliyevin 2020-ci il iyunun 26-da təməlini qoyduğu Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.

2022-ci il sentyabrın 21-i Laçın şəhərində Müzəffər Ali Baş Komandan tərəfindən bayrağımızın ucaldılması ilə yadda qaldı. Dövlətimizin başçısı səfər zamanı həmçinin Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub. Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, doğma Laçınımız tezliklə öz əvvəlki şöhrətini bərpa edəcək və yenə də cənnət məkana çevriləcəkdir.

Son xəbərlər