İlham Əliyevin YAP-ın qurultayındakı çıxışı Azərbaycanın davamlı sülh və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirdi - RƏY
İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı Azərbaycanın regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirdi.
BAKU.WS xəbər verir ki, bu sözləri report-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışını şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın son illərdə keçdiyi tarixi yol dövlətin gücünün, xalqın həmrəyliyinin və milli iradəsinin hansı böyük nəticələrə gətirib çıxara bildiyini bütün dünyaya nümayiş etdirib.
"Bu gün ölkəmiz beynəlxalq müstəvidə öz milli maraqlarını qətiyyətlə müdafiə edən, sözünə və mövqeyinə hörmətlə yanaşılan dövlət kimi qəbul olunur. Bu reallığın arxasında isə uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti, möhkəm iqtisadi təməl, güclü ordu və ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan strateji inkişaf xətti dayanır".
Deputat bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı Azərbaycanın keçdiyi tarixi yolun nəticələrini və qarşıda duran vəzifələri bütün aydınlığı ilə ortaya qoydu:
"Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın yeni reallıqlarını, regionda formalaşan siyasi mənzərəni və ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini özündə əks etdirən mühüm siyasi mesajlarla zəngin idi. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan qazandığı tarixi Zəfərlə kifayətlənmir, əldə etdiyi tarixi nəticələri qorumaq və dövlətimizin gücünü daha da artırmaq əzmi ilə yoluna davam edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bu reallıq son illər ərzində ölkəmizin qazandığı siyasi, diplomatik və iqtisadi uğurların məntiqi nəticəsidir. Azərbaycan artıq yalnız regionun aparıcı dövlətlərindən biri deyil, beynəlxalq münasibətlər sistemində öz mövqeyi, sözü və təşəbbüsləri olan nüfuzlu ölkədir".
S.Salmanova əlavə edib ki, Vətən müharibəsində Ermənistanın kapitulyasiyaya məcbur edilməsi, işğal altında olan torpaqlarımızın azad olunması və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsi Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi.
O, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın daxili sabitliyi və xalqın təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlərub xüsusi əhəmiyyət daşıdığını da deyib:
"Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq və sabitlik şəraitində yaşayır. Ölkəmizin inkişafının, iqtisadi tərəqqisinin, sosial layihələrin həyata keçirilməsinin və Qarabağla Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin əsas şərtlərindən biri məhz sabitlikdir. Azərbaycan öz həyat tərzini, milli-mənəvi dəyərlərini və inkişaf yolunu özü müəyyənləşdirir. Ölkəmiz heç bir dövlətin daxili işinə qarışmır və eyni münasibəti özü üçün də tələb edir. Azərbaycanın daxili məsələlərinə müdaxilə cəhdləri qəbuledilməzdir.
Prezident İlham Əliyevin bu məsələdə prinsipial mövqeyi dövlətimizin müstəqil siyasətinin mahiyyətini aydın şəkildə ifadə edir. Azərbaycan xalqı bu gün öz dövlətinin gücü ilə fəxr edir. Bu fəxr hissi yalnız qazanılmış hərbi Zəfərlə məhdudlaşmır. Bu, həm də Azərbaycanın son illərdə keçdiyi böyük inkişaf yolunun nəticəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə həyatın yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpası Azərbaycanın Zəfərdən sonrakı quruculuq iradəsini nümayiş etdirir. Bu gün Xankəndidə, Şuşada, Xocalıda, Xocavənddə, Ağdərədə və bütün Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır".
Oxşar xəbərlər
İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev İraq Prezidenti Nizar Amidini milli bayram münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, təbrik məktubunda deyilir: "Hörmətli cənab P...