Heydər Əliyevin siyasi kursu Azərbaycanın Zəfər salnaməsinə çevrildi - RƏY

Heydər Əliyevin siyasi kursu Azərbaycanın Zəfər salnaməsinə çevrildi - RƏY
Foto
Siyasət 5

Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan 15 İyun-Milli Qurtuluş Günü özündə bütün məqamları ehtiva edir. Həmin gün Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Deputat bildirib ki, Azərbaycanın ən ağır günlərində Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, davamlı inkişafın sarsılmaz təməlləri qoyuldu: "Dahi şəxsiyyət Heydər Əliyevin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanması, daimi və əbədi olması bundan da çətindir" çağırışı müstəqilliyimizin bərpasının ilk illəri ilə 1993-cü ildən sonrakı dövrün reallıqlarının təhlili fonunda özünü daha aydın şəkildə nümayiş etdirir. Bu çağırış Azərbaycanın dövlətçilik fəlsəfəsinin təməl prinsiplərindən birini təşkil edir".

Onun sözlərinə görə, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edən antimilli ünsürlərin Azərbaycanı hansı təhlükələrlə, faciələrlə üz-üzə qoyduqları hər zaman tariximizin qara səhifəsi kimi vərəqlənir: "Hakimiyyəti silah gücünə zəbt etmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız qanunsuz yolla zəbt etdiyi hakimiyyətini saxlamağı düşünərək ölkəmizə faciələr yaşatmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos və özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi".

Heydər Əliyevin siyasi kursu Azərbaycanın Zəfər salnaməsinə çevrildi - RƏY
Vüqar Rəhimzadə

"1993-cü ildən indiyədək hər il 15 İyun-Milli Qurtuluş Günü Azərbaycan xalqı tərəfindən sadəcə bir təqvim bayramı kimi deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik əbədiyaşar bir gün kimi sonsuz qürür hissi ilə qeyd edilir, xalqımız üçün əsl xilas tarixi kimi dəyərləndirilir".

V.Rəhimzadə əlavə edib ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə yaratdığı möhkəm təməl üzərində Azərbaycanı bütün sahələrdə daha da gücləndirdi, inkişaf etdirdi, Zəfərə doğru apardı: "Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, axıra çatdıra bilmədiyi işləri, planları Onun axıra çatdıra biləcəyinə əminliyini ifadə etmişdi. 2003-cü ildən bu günədək Azərbaycanın qazandığı uğurların hər biri həmin inamın təsdiqi olmaqla yanaşı, Prezident İlham Əliyevin Heydər Əliyev siyasətinə sadiqliyinin, Ümummilli Liderin hər bir arzusunu həyata keçirmək üçün göstərdiyi qətiyyətin, fədakarlığın nümayişidir. Ümummilli Lider çıxışlarında bu arzunu ifadə etmişdir: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik". Bəli, Ulu Öndər Heydər Əliyevin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi".

Millət vəkili onu da qeyd edib ki, "bu gün azad edilmiş bütün torpaqlarımızda - Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocavənddə, Xocalıda… üçrəngli Bayrağımız əzəmətlə dalğalanır. Qarabağımız və Şərqi Zəngəzurumuz Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Sakinlərinə qovuşan şəhərlərimizin sayı 10-a çatıb. Təbii ki, bu, son rəqəm deyil. Tezliklə azad edilmiş bütün ərazilərimizin öz sakinlərinə qovuşmasının sevincindən, Azərbaycanın dayanıqlı inkişafına verdikləri töhfələrdən bəhs edəcəyik. Azərbaycanın dünyaya təqdim etdiyi ilklər sırasında müharibədən dərhal sonra dirçəliş prosesinə başlaması da dayanır".

Son xəbərlər