"Ermənilər kəndlərimizi atəşə tutur ki..."

Ermənilər kəndlərimizi atəşə tutur ki...
Siyasət 1938

 

Cəbhə xəttində gərginlik davam etməkdədir. Son bir neçə gündür ki, ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 51 ev dağıdılıb. Ekspertlər ermənilərin bu addımlarını təsadüfi saymır. Çünki aprelin əvvəlində Azərbaycan ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində canlı qüvvə və texnikada xeyli itki verən ermənilər geri çəkilməyə məcbur oldu. Hazırda isə Azərbaycan ordusu ermənilərin yalnız hərbi nöqtələrini hədəf seçərək, onlara zərbə endirir. Sülh danışıqlarından imtina edən ermənilər isə əksinə dinc sakinləri atəşə tuturlar. Ona görə bəzi ekspertlərin fikrincə, ermənilərin hədəf aldığı ərazilərdən heç olmasa qadınlar, uşaqlar və yaşlı əhali köçürülməlidir.

Ekspert Üzeyir Cəfərov Azadlıq.info-ya bildirdi ki, hazırda ermənilərin həm cəbhədə, həm də ölkə daxilində vəziyyəti ürəkaçan deyil. Ekspert hesab edir ki, buna səbəb həm ordumuzun ermənilərə yaşatdığı acı məğlubiyyət, həm də Rusiya faktorudur. Ermənistan bu məqamlardan diqqəti yayındırmaq üçün cəbhədə vəziyyəti gərginləşdirməyə çalışdığını deyən Ü.Cəfərov vurğuladı ki, Ermənistan hazırda yaşayış məntəqələrimizi atəşə tutmaqla ona çalışır ki, əhali bu əraziləri panika içərisində tərk etsin:

"Əhali bu əraziləri tərk edirsə, bu özü də hərbçilərə qarşı bir psixoloji təsir olacaq. Necə ki, ermənilər aprelin əvvəllərində Ağdərənin Madagiz və digər yaşayış məntəqələrindən kütləvi çıxırdılar. Ermənistan ordusu əhalinin bu ərazilərdən çıxmasına əngəl olmağa çalışırdı. Ermənistan öncə Azərbaycan ordusunu Tovuz-Qazax istiqamətindən təxribata çəkməyə çalışdı. Bu alınmayandan sonra, hazırda Tərtər istiqamətindən həmlə edir. Ermənistanın əsas məqsədi hərbçilərlə mülki əhali arasında narazılıq yaratmaqdır”.

Ü.Cəfərov onu da bildirdi ki, hazırda cəbhədə baş verənlərdə Rusiyanın da qeyri-səmimi münasibəti özünü göstərir. Bu qeyri-səmimi münasibət Ermənistana müasir silahların ötürülməsində təzahür edir: "Məsələn, Ermənistan ordusunda bizdə olan ”T-90 s” tankı yox idi. Rusiya o tankdan Ermənistana da verib. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Ermənistanın bu tanka sahib olması heç bir beynəlxalq sənəddə əksini tapmır. Amma onu da vurğulamaq yerinə düşər ki, aprelin əvvəlində baş verən əməliyyatlarda silahlı qüvvələrin şəxsi heyətinin və hərbi potensialının cəmi 20 faizi istifadə olunub”.

BAKU.WS

Son xəbərlər