Ermənilər kasetli mərmilərdən istifadə edir - XİN-dən açıqlama
"Amerika Birləşmiş Ştatları Dövlət Departamenti və Rusiyanın Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar ifadə etdikləri narahatlıqlarını bölüşürük".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi deyib ki, aprelin 27-də axşam saatlarından başlayaraq 28-dək Ermənistan silahlı qüvvələri qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar və toplardan istifadə etməklə əsasən Ağdam və Tərtər rayonlarında sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutub:
"Ermənistan tərəfinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, mülki Azərbaycan əhalisini məsuliyyətsiz və hədəflənmiş şəkildə ağır silahlardan atəşə tutması nəticəsində Ağdam rayonunda bir nəfər mülki şəxs həlak olub, 7 nəfər isə yaralanıb. Bunun nəticəsində yalnız 27 apreldən 28-nə keçən gecə Tərtər və Ağdam rayonlarında 20-dən artıq mülkiyyətə və sosial obyektə ciddi zərər dəyib.
Ümumiyyətlə, 2 aprel tarixindən başlayaraq Ermənistanın bu kimi əməllərinə görə təmas xəttinə yaxın yaşayış məntəqələrində dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub.
Ermənistanın qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisinə qarşı qəsdən canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulan kasetli mərmilərdən istifadə etməsi heç bir hərbi təyinat daşımır, yalnız mülki insanlar arasında kütləvi qırğın törədilməsinə xidmət edir. Bir hissəsi partlamayan kasetli mərmilərin hissəcikləri uzun müddət ərzində mülki insanların həyatı və mülkiyyəti üçün təhlükə mənbəyidir".
H.Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin qeyri-insani vasitələrə əl ataraq, mülki insanların qırğınının təkrar həyata keçirilməsi cəhdləri sıradan olan adi hal deyil, Ermənistan Respublikasının dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi planlı və sistematik terror siyasətinin tərkib hissədir: "Qoşunların təmas xətti boyunca Ermənistanın nəzarətində olan işğal edilmiş ərazilərdə mülki insanlara və obyektlərə zərərin dəyməsi barəsində rəsmi Yerevanın iddiaları yalandır. Ermənistan tərəfinin işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində təmas xəttinin Ermənistanın nəzarətində olan hissələrində mülki insanlar yoxdur".
Azərbaycan XİN-in rəsmisi qeyd edib ki, 5 aprel tarixində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində əldə olunmuş atəşkəsə məhəl qoymayaraq, Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsi, mülki insanların və sosial obyektlərin qəsdən hədəfə alınması və münaqişənin həlli üzrə danışıqlardan imtina etməsi kimi təxribatçı əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanmalı və pislənilməlidir.
Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təxribatlara hazırlaşması barəsində hərtərəfli şəkildə məlumatlandırıb və xəbərdar edib.
Qoşunların təmas xətti boyunca yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələrinin Ermənistanın hərbi obyektlərinə qarşı atmalı olacağı cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşəcəkdir.
BAKU.WS
Oxşar xəbərlər
Cəbhədən XƏBƏR VAR: Düşmənə zərbə endirilir - RƏSMİ
Ermənistan Silahlı Qüvvələri bu gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atə...