"Erməni diasporunun yalançı təbliğatının təsirini azaltmaq lazımdır" - Qərbi Azərbaycan Xronikası

Erməni diasporunun yalançı təbliğatının təsirini azaltmaq lazımdır - Qərbi Azərbaycan Xronikası
Siyasət 50

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Aparıcı Ellada Sarvanın müsahibi siyasi analitik Gülsel Səfərova olub.

O, ABŞ-Azərbaycan münasibətləri, Prezident Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubla bağlı düşüncələrini bildirib, Azərbaycan və ABŞ-ın maraqlarının bir çox sahələrdə kəsişdiyini, rəsmi Vaşinqtonun sülh sazişinin imzalanmasında maraqlı olduğunu deyib.

Onun sözlərinə görə, Ermənistan parlamentinin sədri Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib:

"Ümumiyyətlə, Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsi labüddür. Bu sazişin imzalanması Mərkəzi Asiya ilə Avropa arasında körpü olacaq. Region ölkələrinin inteqrasiyası Rusiya və ABŞ üçün vacibdir. Həm ABŞ, həm də Rusiya regionda sülhün yaradılmasına dəstək vermək istəyir".

Siyasi analitik rəsmi Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edib, Ermənistanda, Fransada və ABŞ-də yaşayan erməni lobbisinin revanşist fikirlərini bölüşməkdə davam etdiklərini vurğulayıb: "Makron hökuməti İrəvan ilə Bakı arasında münasibətləri korlayır. Erməni diasporunun yalançı təbliğatının təsirini azaltmaq lazımdır. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunmalıdır".

G.Səfərova Qərbi azərbaycanlıların qayıdışı məsələsinə də toxunub:

"Azərbaycanın əsas məqsədi regionu inkişaf etdirmək və sülh yaratmaqdır. Coğrafi məkan olan Qərbi Azərbaycanın yerli əhalisinin öz torpaqlarında yaşamaq hüququna malikdir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər