Emi Karlon: Vaşinqton və Bakının səyləri Cənubi Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasına yönəlib

Emi Karlon: Vaşinqton və Bakının səyləri Cənubi Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasına yönəlib
Siyasət 6

ABŞ ilə Azərbaycanın əməkdaşlığı Cənubi Qafqazın Şərqlə Qərbi birləşdirən, ticarət-iqtisadi artıma və enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, qarşılıqlı əlaqəli və qlobal iqtisadiyyata inteqrasiya olunmuş regiona çevrilməsinə yönəlib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən qəbulda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş tarixi görüş bunun üçün əsas olub.

"ABŞ Prezidenti Donald Trampın və dünya ictimaiyyətinin iştirakı ilə Bakı və İrəvan onilliklər boyu davam edən münaqişəni geridə qoymaq imkanı əldə etdilər. Onlar qarşıdurmaya deyil, qarşılıqlı əlaqəyə, əməkdaşlığa və rifaha əsaslanan bir gələcək qurmaq öhdəliyini öz üzərlərinə götürdülər", - diplomat vurğulayıb.

O qeyd edib ki, yeni imkanlar artıq "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) təşəbbüsü, eləcə də ABŞ və Azərbaycanın Strateji tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

Karlonun sözlərinə görə, fevral ayında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Strateji tərəfdaşlıq haqqında Xartiya üç istiqamətə əsaslanır: regional qarşılıqlı əlaqə, iqtisadi investisiyalar və innovasiyalar, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq.

Diplomat vurğulayıb ki, ABŞ Azərbaycanla energetika, süni intellekt sahəsi, verilənlərin emalı mərkəzlərinin yaradılması və digər qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

"Bunlar uzaq gələcəyin planları deyil - biz onları artıq bu gün həyata keçiririk", - o bildirib.

Karlon xatırladıb ki, ötən ay Bakı Enerji Həftəsi və ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində Amerika şirkətləri azərbaycanlı tərəfdaşları ilə müasir materiallar, süni intellekt, bulud hesablamaları və digər yeni nəsil texnologiyaları sahələrində dəyəri 8 milyard dollardan çox olan sazişlər imzalayıblar.

Onun sözlərinə görə, bu investisiyalar, TRIPP təşəbbüsü və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi sayəsində Cənubi Qafqaz sülhə doğru dönməz yola qədəm qoya bilər.

Diplomat həmçinin qeyd edib ki, ABŞ Azərbaycan xalqını öz tərəfdaşı hesab edir və iki ölkə arasındakı humanitar əlaqələri yüksək qiymətləndirir. O xatırladıb ki, minlərlə Azərbaycan vətəndaşı Amerikanın mübadilə proqramlarında iştirak edib, yerli qurumlarla əməkdaşlıq edib və ABŞ universitetlərində təhsil alıb.

"Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasında olmuşuq. Son 35 il ərzində Birləşmiş Ştatlar sülh və sabitlik naminə investisiyaları, dialoqu və diplomatiyanı dəstəkləyib və daha sıx əlaqəli, firavan və təhlükəsiz gələcək naminə birgə işi davam etdirəcək", - Karlon deyib.

Son xəbərlər