Düşmənə qan udduran tankçılarımız ANS-ə danışdı (VİDEO)
Birinci Qarabağ müharibəsindən torpaq uğrunda döyüşən hər kəsə dəstək olan ANS TV bu dəfə də ənənəsinə sadiq qaldı. Sizin əsgərlərə göndərdiyiniz məktublar artıq ünvanına çatib.
Əməkdaşlarımız cəbhə xəttində olub. Onlarla görüşüb hərbçilərimizin əhval-ruhiyyəsini öyrənib və nəhayət məktubları onlara təqdim ediblər.
4 günlük müharibədə iştirak edən tankçılarımız ANS TV-ə döyüşlər barədə danışıblar. Onlar bundan sonra da son damla qanlarına qədər döyüşəcəklərini deyiblər.
Tankçılarımız şəhid əsgər yoldaşlarının qanlarının yerdə qalmayacağını, qisas almaq üçün Ali Baş Komandanın əmrini gözlədiklərini bildiriblər.
Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri növbəti dəfə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb.
Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, iki yüzdən çox hərbi qulluqçusu ölüb və 500-dən çoxu yaralanıb.
Düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Aprelin 5-də isə Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin bərpası barədə razılıq əldə olunub. Lakin erməni silahlı bölmələri bu günə qədər cəbhədə atəşkəsi pozur və cəbhə bölgəsindəki yaşayış məntəqələrinə atəşə tutur.
BAKU.WS
Oxşar xəbərlər
Ali baş komandan və xanımı cəbhə xəttində
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə...