Deputat: Antiterror əməliyyatı 44 günlük müharibənin məntiqi sonluğu idi
"Bir günlük antiterror əməliyyatı 44 günlük müharibənin məntiqi sonluğu idi. Burada Ermənistanın Azərbaycanın qələbəsini qəbul etməkdən başqa çıxış yolu qalmamışdı".
Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə BAKU.WS-ə açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, Ermənistan hakimiyyətinin başqa çıxış yolu olsaydı, Azərbaycan torpaqlarını geri qaytarmazdı.
"Düzdür, hələ də onun nəzarətində olan Azərbaycan ərazilərini sona qədər saxlamağa çalışırdı. Ancaq Azərbaycanın gücü və eyni zamanda Ermənistanın çıxılmaz vəziyyətə düşməsi onun qoşunlarını digər ərazilərdən də çıxarmağa məcbur etdi.
Bunu etməsəydi, Azərbaycan Ordusu onu döyüşlərdə məğlubiyyətə uğradacaqdı. İşğalçı dövlət heç zaman uzun müddət işğal etdiyi torpaqlarda qala bilməz. Digər tərəfdən, Azərbaycanın bütün sahələr üzrə göstəriciləri Ermənistanın göstəricilərindən qat-qat üstün idi", - deyə siyasətçi bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan istənilən sahədə Ermənistandan üstün olduğu üçün qələbə də özünü çox gözlətmədi:
"Ermənistan əsgəri özgə torpağında vuruşduğunun fərqində idi. Həmçinin artıq xaricdə arxalandığı qüvvələr də Ermənistanın avantürist siyasətinin həmmüəllifləri olmaq istəmirdi. Azərbaycanın bir dövlət kimi nüfuzu, onun öz ərazi bütövlüyü uğrunda apardığı siyasət dünyanın aparıcı dövlətlərini Azərbaycan həqiqətlərini qəbul etməyə məcbur edirdi".
Oxşar xəbərlər
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cibutili həmkarı Abdulkader Hüseyn Omarla görüşüb. BAKU.WS...