Bu gün Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin peşə bayramı günüdür

Bu gün Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin peşə bayramı günüdür
Siyasət 63

Bu gün Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günüdür.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.

Son illərdə xüsusi dövlət mühafizəsi sahəsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə və əldə olunan nailiyyətlərə bir daha nəzər salır.

Ulu Öndərin ölkəmizdə xüsusi mühafizə sistemi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib. 2020-ci il martın 16-da imzalanan "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Prezident Fərmanı fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım olub.

Fərmana əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və ya qısaca SOMDA - Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi şəxslərin, strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi və qorunması sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

SOMDA əsas ixrac neft və qaz boru kəmərlərinin Azərbaycan ərazisindən keçən hissəsinin təhlükəsizliyini uğurla təşkil və təmin edir. Hazırda Agentlik tərəfindən mühafizəsi həyata keçirilən ixrac boru kəmərləri ilə Azərbaycan nefti və qazı dünya bazarlarına təhlükəsiz nəql olunur. Boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planının icrası ciddi nəzarətdə saxlanılır.

Göründüyü kimi, Azərbaycan bir çox əsas təhlükəsizlik parametrlərinə görə öncül mövqeyə yüksəlib. Xüsusi mühafizə sahəsinin çoxminli kollektivi onlara göstərilən ali etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına önəmli töhfələr verirlər.

Bu gün peşə bayramını qeyd edən SOMDA əməkdaşlarını bayramları münasibətilə təbrik edir, uğurlu xidmət arzulayırıq.

Son xəbərlər