Bu gün Hadrutun işğaldan azad olunmasının ikinci ildönümüdür

Bu gün Hadrutun işğaldan azad olunmasının ikinci ildönümüdür
Siyasət 171

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

BAKU.WS xəbər verir ki, qəsəbənin azad olunmasından iki il ötür.

2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.

Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.

Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də düşmən işğalından azad olunub.

Bu il martın 15-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırıb və çıxış edib.

Hadrut düşmən işğalından azad olunduqdan sonra bərpa-quruculuq işlərinə başlanılıb və bütün infrastruktur bərpa edilir. Artıq Hadrutda Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub. Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Bundan əlavə, ASM-də 24 saat ərzində təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib. Dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.

Ötən il dekabr ayında da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Hadrut qəsəbəsində səfərdə olublar və burada hərbi hissənin açılışında iştirak ediblər.

Son xəbərlər