Azərbaycanın yeni şərti var - Mehri dəhlizi

Azərbaycanın yeni şərti var - Mehri dəhlizi
Siyasət 3091

Qarabağ münaqişəsi ilə bağlı indiyədək aparılan danışıqlarda - irəli sürülən həll variantlarında Laçın dəhlizinin neytral zona olaraq Dağlıq Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişi üçün ayrılması şərti qoyulur. Ermənistan bu şərtin üzərində həmişə israr edir. Azərbaycan bunun əvəzində Mehri dəhlizi məsələsini qaldırmalıdırmı?

BAKU.WS xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, Naxçıvanda Dağlıq Qarabağda yaşayan ermənilərdən iki-üç dəfə çox azərbaycanlı yaşayır. Azərbaycan həmin vətəndaşlarına tarixi Azərbaycan torpağı olan Mehridən birbaşa gediş-gəliş üçün dəhliz ayrılmasını qaldıra bilərmi?

YAP-çı deputat Bəxtiyar Sadıqov bildirdi ki, Laçın dəhlizi məsələsi ermənilərin daim üzərində təkid etdikləri şərtdir. Onlar deyirlər ki, Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistana sərbəst gediş-gəlişi Laçın dəhlizi vasitəsilə təmin edilməlidir. Azərbaycan da hələ 1990-cı illərdə sülh danışıqlarında Mehridən Naxçıvana dəhliz məsələsini gündəmə gətirib.

Danışıqlarda vaxtilə bu məsələ olub: "Hətta o zamanlar bir ”Qobl variantı"nda da Laçın dəhlizinin güzəştinin əvəzinə Mehri dəhlizinin güzəştə gedilməsi məsələsi əksini tapmışdı. Ermənilər o dövrdə və sonrakı illərdə özlərini güclü sayırdılar, ona görə də bu cür təklifləri qəbul etmirdilər. Birmənalı güzəştsiz mövqedə qalırdılar. Onlarda bir düşüncə var idi ki, Azərbaycan uzun müddət dözəcək və işğal faktı ilə barışıb Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Bu özündən müştəbehlik Ermənistanı nəinki Mehri məsələsində, hətta Dağlıq Qarabağın ətrafındakı işğal altındakı bircə rayonun da geri qaytarılması təklifini rədd etməyə sövq eləyirdi. Lakin artıq vəziyyət dəyişib, Azərbaycan ordusu aprelin əvvəlində öz gücünü göstərdi və Ermənistana yerini göstərdi. Bundan sonra Ermənistan güzəşt mövqeyinə keçməyəcəyi halda daha sarsıdıcı zərbə alacağına əmindir. Odur ki, danışıqlarda Mehridən Naxçıvana dəhliz verilməsi variantını qəbul etməyə hazır olmalıdırlar. Ermənistan bilməlidir ki, budəfəki danışıqlar əvvəlki danışıqlardan olmayacaq. Şəxsən düşünürəm ki, Mehri məsələsi kimi məsələlər də ortada olacaq və Ermənistan bununla razılaşmaq zorunda qalacaq".

Deputat vurğuladı ki, Mehridən Naxçıvana dəhliz verilməsi məsələsi mühümdür və bu, Naxçıvan Muxtar Respublikası əhalisinin blokadadan çıxması, Azərbaycana qısa quru yolunun açılması demək olardı: "Ona görə də inanıram ki, bundan sonrakı danışıqlar mərhələsində Mehri məsələsinə də qayıdılacaq. Azərbaycan prezidenti bu məsələlərin bütün incəliklərini bilir. Əvvəla, Mehri Azərbaycanın tarixi torpağı olub, ikincisi əgər Dağlıq Qarabağda yaşayan və real sayı 100 mindən yuxarı olmayan erməni əhali üçün Ermənistana Laçından quru yolu-xüsusi dəhliz verilməlidirsə, deməli, Naxçıvanda yaşayan 300 mindən yuxarı azərbaycanlı əhaliyə də Mehri vasitəsilə dəhliz verilməlidir”.

Siyasi ekspert Bəxtiyar Hacıyev də bildirdi ki, Mehri dəhlizi variantı vaxtilə ABŞ rəsmilərinin vasitəçiliyi ilə təklif olunan sülh planlarının biri çərçivəsində müzakirə edilirdi. Lakin sonradan bu məsələ gündəmə çıxarılmadı: "Təbii ki, haqlı olaraq Azərbaycan öz vətəndaşlarının, xüsusilə də əhalinin sayına görə Qarabağdakı ermənilərdən daha çox Naxçıvanda yaşayan azərbaycanlılar üçün birbaşa gediş-gəlişi təmin etməyə çalışa bilər və bunun üçüt Mehri dəhlizindən istifadəni gündəmə gətirə bilər. Azərbaycanın buna haqqı var. Ancaq məsələ burasındadır ki, münaqişə sülh yolu ilə həll edilməli, bunun üçün isə tərəflər bir-birinə güzəştlər etməlidir. Azərbaycan tərəfi işğalçıların işğal etdikləri rayonları azad etmək addımına qarşı, Dağlıq Qarabağdan Ermənistana keçidi təmin edən Laçın koridorunu ayırmağı bir güzəşt addım kimi qəbul edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edir, Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat üçün isə Laçın dəhlizini açıq saxlayır. Ermənistandan isə Naxçıvana dəhliz verilməsi tələbi irəli sürülə bilər”.

BAKU.WS

Oxşar xəbərlər

Ermənistan 6 rayonun qaytarılmasına razılıq verir

Ermənistan 6 rayonun qaytarılmasına razılıq verir

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sensasion açıqlama ilə çıxış edib. Ermənistan İctimai televiziyasının sualını cavablandıran nazir Ermənistanl...

26519 Siyasət 09:55 14 aprel 2016

Son xəbərlər