Azərbaycan 1 milyard dollarlıq borc aldı
Azərbaycanın "Cənub Qaz Dəhlizi" şirkəti 10 illik istiqrazlarını 1 milyard dollara satıb.
BAKU.WS-in Reuters-ə istinadla verdiyi məlumata görə, ABŞ və Böyük Britaniyadan olan investorlar tərəfindən "Azərbaycan Cənub Qaz Dəhlizi" istiqrazına böyük tələbat olub. İstiqrazlar Azərbaycanın suveren istiqrazlarından 80 bazis bəndi yuxarı, 6.875 faiz kuponu ilə satılıb.
Qeyd edək ki, Maliyyə Nazirliyi 19 Mart 2016-cı il tarixində yaydığı açıqlamada, 2016-cı il 17 mart tarixlərində "Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan və Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilmiş istiqrazlar üzrə Böyük Britaniya və ABŞ-da investorlar üçün keçirilən təqdimatların uğurla başa çatdığını bildirmişdi:
Böyük Britaniya və ABŞ-da keçirilən təqdimatlarda nüfuzlu investorların Azərbaycana böyük diqqəti bir daha təsdiqlənmiş, bunun ifadəsi kimi "Cənub Qaz Dəhlizi" QSC tərəfindən ilk 1 milyard ABŞ dolları həcmində 10 illik istiqrazların buraxılışına ciddi maraq nümayiş olunmuşdur.
Cənub Qaz Dəhlizi layihəsinin məqsədi "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək Trans-Anadolu Qaz Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.
"Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
"Cənub Qaz Dəhlizi” QSC tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilmişdir. "Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda cıxıs edir".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan 2,5 milyard dollar qazandı
2007-ci ildən bu il martın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 457 milyon ABŞ dolları...