Azərbaycandan keçməklə Ermənistana gedən ilk yükün taxıl olması rəmzi məna daşıyır

"Azərbaycan bütün dövrlərdə sülhpərvər siyasət yürüdüb və tranzit yükün ölkəmizdən Ermənistana buraxılması da bunu bir daha sübut edir".
Bu sözləri Oxu.Az-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov deyib.

O qeyd edib ki, Azərbaycan sülh daşıyıcısı, beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə rəqabət deyil, əməkdaşlıq etməyə üstünlük verən dünyəvi bir dövlətdir:
"Bunu dünyanın aparıcı dövlətlərinin rəhbərləri, tanınmış dünya siyasətçiləri dəfələrlə nüfuzlu tribunalardan bildiriblər. Yüklərin Ermənistana tranzit keçidinə məhdudiyyətlərin aradan qaldırılması bir daha sübut edir ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə göndərən və təkrarlanmamasına zəmanət verən mühüm siyasi-strateji və sosial-iqtisadi əhəmiyyətə malikdir. Məhz dövlət başçısının düzgün siyasətinin, Vaşinqtonda əldə olunan razılaşmaların nəticəsidir ki, hələ rəsmi sülh sazişi imzalanmamış Azərbaycan ərazisindən Ermənistana tranzit keçidə şərait yaradılır. Bu, sülhün ilkin iqtisadi dividendidir ki, bunu da ilk olaraq Ermənistan tərəfi gördü, burada da ilk addım dövlətimiz tərəfindən atıldı.
Ermənistan özünün işğalçılıq siyasəti nəticəsində bütün beynəlxalq layihələrdən kənarda qalmışdı, xaricə çıxış üçün Gürcüstan vasitəsilə, ciddi şəkildə iqlimdən asılı olan bircə yolu var idi ki, o istiqamətdə də aylarla problemlər yaşayırdılar. Bu gün isə artıq daha rahat və səmərəli şəkildə yük qəbul edə bilirlər. Əlbəttə, bu, Azərbaycan xalqının böyüklüyünün, Azərbaycanın dövlət başçısının sülhə çağırışlarının reallığının bariz nümunəsidir. Hər zaman olduğu kimi, yenə də Azərbaycan ilk olaraq məhdudiyyətləri aradan qaldırır, Ermənistana inkişaf, daha yaxşı yaşamaq üçün ölkəmizin infrastrukturlarından istifadə şəraiti yaradır", - deyə müsahibimiz vurğulayıb.
Onun fikrincə, Azərbaycandan keçməklə Ermənistana gedən ilk yükün taxıl olması da özü bir rəmzi məna daşıyır:
"Azərbaycan xalqı hər zaman qonaqpərvərliyi ilə seçilən, çörəkverən, qonşusunun, kasıbın halına acıyan, müqəddəs dəyərlərə hörmətlə yanaşan xalqdır. Əslində ilk yükün taxıl olması da bütün bunları bir daha vurğulayır və qarşı tərəfi də sülhə, dostluğa səsləyir.
Müasir iqtisadi tərəqqinin əsas trendlərindən biri də əlverişli nəqliyyat-tranzit imkanlarıdır. Başqa sözlə desək, hansı ölkənin beynəlxalq bazarlara asan çıxışı və geniş əhatəli nəqliyyat-tranzit imkanları varsa, o ölkələr daha sürətlə inkişaf edir, qlobal məkana inteqrasiyanı intensivləşdirir və beynəlxalq arenada üstünlük qazanır. Bu mənada, sülh Ermənistana daha çox lazımdır ki, qlobal məkana çıxa bilsin, beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində təmsil oluna bilsin", - deyə ekspert fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Ermənistandakı Aİ missiyası Azərbaycanın sülh gündəminə qarşı
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası "X" səhifəsində post dərc edərək, "gecə-gündüz Ermənistan-Azərbaycan sərhədi boyu müşahidə və patrul x...
