Astanada Azərbaycanın IOFS-ə üzv olması münasibətilə mərasim keçirilib

Astanada Azərbaycanın IOFS-ə üzv olması münasibətilə mərasim keçirilib
Siyasət 4

Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatına (Islamic Organization for Food Security - IOFS) daxil olması münasibətilə mərasim keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə IOFS-dən bildirilib.

Tədbir çərçivəsində IOFS-in mənzil-qərargahında ilk dəfə olaraq Azərbaycan bayrağı qaldırılıb. Mərasimdə təşkilatın baş direktoru, səfir Berik Arın və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov iştirak ediblər.

IOFS rəhbəri öz çıxışında bildirib ki, Azərbaycanın təşkilata tamhüquqlu üzv kimi qoşulması İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının və aqrar təsərrüfatların dayanıqlı inkişafı sahələrində əməkdaşlığın gücləndirilməsi üçün mühüm addım olub.

O xatırladıb ki, IOFS-in Nizamnaməsi cari ilin may ayında Bakıda Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov tərəfindən imzalanıb və təşkilata olan sadiqliyinə görə ölkə hökumətinə minnətdarlığını bildirib.

Ağalar Atamoğlanov isə qeyd edib ki, qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi bu gün əsas çağırışlardan biridir. Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin və dayanıqlı təchizat zəncirlərinin təmin olunması hər bir müstəqil dövlətin prioritetləri sırasındadır.

O vurğulayıb ki, IOFS bu istiqamətdə fəal rol oynayır və qeyd olunan istiqamətlərdə qarşılıqlı fəaliyyət üçün ixtisaslaşmış platforma kimi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir.

Səfir qeyd edib ki, Azərbaycan IOFS çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. O xatırladıb ki, ölkə hələ üzv dövlət statusu almazdan əvvəl təşkilatın təşəbbüslərində, tədbirlərində və proqramlarında fəal iştirak edib.

"Mən səmimi qəlbdən inanıram ki, Azərbaycanın təşkilata daxil olması üzv dövlətlər arasında kənd təsərrüfatı, dayanıqlı inkişaf və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlığın inkişafına dəyərli töhfə verəcək", - Atamoğlanov deyib.

Onun sözlərinə görə, təşkilat İƏT regionunda dayanıqlı, inklüziv və etibarlı ərzaq sistemlərinin yaradılması üçün üzv ölkələr və tərəfdaşlarla sıx qarşılıqlı fəaliyyəti davam etdirəcək.

Atamoğlanov həmçinin qeyd edib ki, öz diplomatik missiyası dövründə Qazaxıstanın sürətli sosial-iqtisadi artımının və ölkənin modernləşdirilməsinə yönəlmiş genişmiqyaslı islahatların şahidi olub.

Bundan əlavə, səfir qardaş Qazaxıstan xalqını yeni Konstitusiyanın qüvvəyə minməsi münasibətilə təbrik edib və konstitusiya islahatlarının ölkənin mövqelərini möhkəmləndirəcəyinə, uzunmüddətli sabitliyin və rifahın qarantı olacağına əmin olduğunu ifadə edib.

IOFS-in baş direktoru həmçinin Atamoğlanovu iki ölkə arasında strateji tərəfdaşlığın və dostluğun inkişafına verdiyi töhfəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən "Dostık" ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.

Azərbaycan bayrağın qaldırılması ilə bağlı yeni mərasim ənənəsi çərçivəsində IOFS tərəfindən salamlanan ilk ölkə olub. Təşkilatdan qeyd edilib ki, bu hadisə təşkilatın institusional tarixində xüsusi yer tutur və onun üzv dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsində yeni səhifə açır.

Son xəbərlər