SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, İtaliya Respublikasının Prezidentinin təbrikində deyilir:

"Cənab Prezident,

Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını bütün İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Çox gözəl xatırladığım son dövlət səfəriniz bizim ölkələrimizi birləşdirən dərin dostluq münasibətlərini bir daha təsdiq edərək məhsuldar və çoxtərəfli əməkdaşlığımıza yeni nəfəs vermək üçün bir fürsət oldu.

Əlbəttə, bu əməkdaşlıq Sizin dövlət səfəriniz ərzində müzakirə edilən bir çox sahələr üzrə daha da genişlənərək ölkələrimiz üçün yeni nəticələr əldə olunmasına şərait yaradacaq.

Ürəkdən arzulayıram ki, Azərbaycan və Avropa İttifaqı arasında tezliklə yeni tərəfdaşlıq sazişi imzalansın, bu da bizim əlaqələrimizin möhkəmlənməsi üçün vacib bir amildir.

Eyni zamanda, səhiyyə sahəsində yaranmış fövqəladə vəziyyət zamanı Azərbaycanın İtaliyaya nümayiş etdirdiyi yaxınlığa və göstərdiyi dəstəyə görə də dərin minnətdarlığımı bildirmək istərdim.

Bu bizim xalqlarımız arasında mövcud olan əlaqələrin intensivliyini və dərinliyini sübut edir.

Səmimi dostluq hissi ilə Sizə, xanımınıza və bütün azərbaycanlılara xoşbəxtlik və firavanlıq arzulayıram".

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təbrikində isə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmağı özümə şərəf bilirəm.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan, getdikcə daha dinamik və davamlı xarakter kəsb edən Türkmənistan-Azərbaycan münasibətləri böyük qarşılıqlı etimad, hüquq bərabərliyi və səmimiliyi ilə fərqlənir.

Mən bu ilin martında Sizin gözəl ölkənizdə bizim səmimi görüşümüzü xoş duyğularla xatırlayıram.

Həmin görüş zamanı səmimi və etimada əsaslanan danışıqlarda hər iki tərəfin ölkələrimiz arasında çoxşaxəli qarşılıqlı əlaqələri möhkəmləndirməyə və genişləndirməyə hazır olduğu təsdiq edildi.

Qəti əminəm ki, qardaş xalqlarımız arasında siyasi, iqtisadi-ticari, mədəni-humanitar və başqa istiqamətlərdə yaranmış səmərəli əməkdaşlıq bizim birgə səylərimiz sayəsində bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm".

BAKU.WS