VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında "Standing up for freedom People of the Year" sözləri yazılmışdı. Jurnalın birinci səhifəsində Bakının şəkli verilmişdi. Nüfuzlu jurnal bununla da 1988-ci ildən Azərbaycanı bürümüş anti-sovet xalq hərəkatına işarə vuraraq qeyr-rəsmi şəkildə xalqımızı “İlin Xalqı” elan edirdi. 

1988-ci ilin noyabr-dekabr aylarında Bakıda böyük hadisələr baş verirdi. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapmışdı. 


17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Mərkəzi Bakının Azadlıq meydanı olan bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

17 noyabr mitinqində Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. 



Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Burada "Moskvanın fitnələrinə son qoyulsun!", "Suverenlik!", "Azadlıq!" şüarları səslənməyə başlandı. Bundan Moskvaya təzyiq edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi, noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi.

Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra - noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox vaxt mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış tonqalların ətrafında minlərlə adam qalırdı. Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi.


Ölkə rəhbərliyi mövcud problemə Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü. İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək lazım idi. Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar, meydanın mühasirə həlqəsi daraldılırdı. Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi. 


1991-ci ildə meydandan Leninin heykəli götürüldü. Onun yerində Azərbaycanın bayrağı ucaldıldı. 1992-ci ildə isə Azadlıq meydanında ilk hərbi parad keçirildi. 1988-ci ildən mərkəzi Azadlıq meydanı olan Dirçəliş hərəkatı 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişiylə yeni çalar qazandı. Meydandan başlayan müstəqil Azərbaycan düşüncəsi illər keçdikcə real suverenliklə möhkəmləndi. Ancaq Azadlıq meydanı il-ildən ayaqüstə daha möhkəm dayanan gənc respublikanın oyanış nüvəsini təşkil edir.

Ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıb, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs miras qoyub. Məhz xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə əmin-amanlıq yarandı, Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu. Xalq hərəkatının başlanğıcı olan 17 noyabr hadisələri həm də 1991-ci ilin 18 oktyabr – Azərbaycan müstəqilliyinə təkan verdi. 1995-ci ildə yeni Konstitusiyamız təsdiq edildi. Beləliklə 17 noyabr günü müasir Azərbaycan tarixinə Milli Dirçəliş Günü kimi həkk olundu. Ulu öndər Heydər Əliyevin özü qədər inandığı Azərbaycan Respublikasınn Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan gündən-günə qüdrətlənir, güclənir və dünya miqyasında nüfuzunu daha da yüksəldir.


Müasir dövrümüzdə 2011-ci ilin 26 iyununda Ordu günündə müstəqil Azərbaycan tarixində ən böyük hərbi parad Azadlıq meydanında keçirildi. Həmin paradda 6 min şəxsi heyət, 400 hərbi texnika iştirak edirdi. Bu paradda ilk dəfə olaraq Azərbaycan istehsalı olan hərbi nəqliyyat vasitələri və atıcı silahlar nümayiş etdirilmişdi. İki ildən sonra isə meydanda Azərbaycan ordusunun yaradılmasının 95-cı illiyi münasibətilə sayca dördüncü parad keçirildi.


2016-cı ildə isə Azadlıq meydanı yaxınlığında dünyanın ən nüfuzlu idman hadisələrindən olan Formula-1 keçirilib. Bu tarixə ekskursiyadan belə nəticə çıxararaq yekun olaraq bildirmək olar ki, Azərbaycanın XX əsrin sonlarında Azadlıq meydanından start götürdüyü dirçəliş hadisəsi bu günədək davam edir. XXI əsrdə  Azərbaycan iqtisadi, ictimai-siyasi cəhətdən daha da inkişaf edərək 1988-ci il 17 noyabr günü ənənəsini uğurla davam etdirir. Bu ənənənin nüvəsi isə Azadlıq meydanıdır.

Orxan Hüseyn
BAKU.WS