Azərbaycanın bu şəhərində biznes quran şəxslər vergidən azad ediləcək - RƏSMİ
"İşğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, Vergi Məcəlləsinin 226.2-ci maddəsinə görə, işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür:
"2026-cı ildə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində regionların, xüsusilə Naxçıvan Muxtar Respublikasının və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilib.
Belə ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üzrə tətbiq edilən eyni vergi güzəştlərinin verilməsi nəzərdə tutulur. Bunlara 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), idxalda ƏDV (əsas vəsaitlərin, xammal və materiallarını idxalına münasibətdə güzəştin yalnız sənaye və texnologiya parklarının, sənaye məhəllələrinin rezidentləri və investisiya təşviqi sənədi alan şəxslərə münasibətdə tətbiqi), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadetmə aiddir. Layihənin qəbul edilməsi ilə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq mühitinin canlanması, ölkə iqtisadiyyatına inteqrasiyası, investisiya axınına müsbət təsirləri, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi hədəflənir.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, lakin mərkəzləşdirilmiş qaydada uçota alınan iri vergi ödəyicilərinin həmin ərazilərin rezidenti kimi tanınması və güzəştlərdən yararlanması bu bölgələrin investisiya cəlbediciliyini, ixrac potensialını və infrastruktur inkişafını daha da gücləndirəcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
Gələn il Azərbaycanda real iqtisadi artım iki faiz olacaq
Cari ildə Azərbaycanda ümumi iqtisadi artımın 2.2 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 3.7 faiz olacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Azərbayca...