SİZİN REKLAM BURADA!
055 213 76 73



“Ermənistan xarici işlər nazirinin müsahibəsində bu ölkənin siyasi rəhbərliyi tərəfindən verilən bəyanatlar təkrar olunur və Ermənistan baş nazirinin Dağlıq Qarabağdakı insanlar adından danışa bilməyəcəyi, onun “Tavuşdan Sünik ərazisinədək yaşayan Ermənistan sakinləri adından danışmaq ixtiyarının olduğu” iddia edilir. O zaman daha öncə səsləndirdiyimiz sualı bir daha qeyd etmək istərdim: belə olduğu təqdirdə seçkilər zamanı ona səs vermiş Ermənistan vətəndaşı olan gənclərin Azərbaycanın işğal olunmuş ərazilərində nə iş var?”

BAKU.WS-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın bu ölkənin İctimai televiziyasına verdiyi müsahibəsinə münasibət bildirərkən deyib.

XİN sözçüsü qedy edib ki, Ermənistan naziri bu ilin 16 yanvar tarixində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən verilmiş bəyanatı xatırlamaya bilər, lakin ötən ilin 6 dekabr tarixində Milanda şəxsən özünün də razılığı ilə qəbul edilmiş birgə bəyanatı yəqin ki, unutmayıb.

“O bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin ədalətli və davamlı sülh yolu ilə həlli üzrə işləməyi davam etdirəcəklər. Azərbaycan tərəfi görüşləri, sadəcə, görüşlər naminə keçirmir və beynəlxalq ictimaiyyəti bu kimi görüşlərlə öz xoş niyyətinə inandırmaq kimi məqsədi də yoxdur. Bizim məqsədimiz birdir, qətidir və hüquqi əsaslıdır: Biz Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozularaq işğal edilən ərazilərimizin azad edilməsi və bu ərazilərə yerli azərbaycanlıların köçürülməsini sülh yolu ilə təmin etmək məqsədilə danışıqlar aparırıq.

Ermənistan vətəndaşları adından danışmağa mandatı olduğunu bəyan edən bu ölkənin siyasi rəhbərliyinə bildirmək istərdik ki, belə olduğu təqdirdə, Tavuş, Sünik və digər ərazilərdən olan və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət göstərən Ermənistan vətəndaşları adından danışsın”, - deyə L. Abdullayeva vurğulayıb.

BAKU.WS