Xəbər verdiyimiz kimi, azərbaycanlılarla çeçenlər arasında baş verən qarşıdurmadan sonra Moskvadakı "Prezident" oteldə Azərbaycan və Çeçenistan rəsmilərinin görüşü baş tutub.

BAKU.WS xəbər verir ki, görüşdən sonra Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov danışıb. O bildirib ki, azərbaycanlılar və çeçelər qardaş millətlərdir:


"Azərbaycanlı olaraq xoş olmayan bir hadisə ilə qarşılaşdıq. Hamı bilir ki, biz çeçenlərlə dostuq, qardaşıq. Biz əl-ələ verib belə bir hadisənin qarşısını almaq üçün çalışmalıyıq. Mən idmançı kimi "Axmat" klubunda çıxış edirəm. Bu klub mənim üçün böyük işlər görüb. Ancaq həm də Azərbaycan bayrağı altında yarışlarda iştirak edirəm. Azərbaycan prezidenti İlham Əliyev və Çeçenistan prezidenti Ramzan Kadırovun dostluğunu nümunə kimi görməliyik. Biz qardaş millətlərik".


Dünən baş tutan görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun köməkçisi Adam Delimxanov, Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Taymazxanov Bekxan, Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov və digərləri iştirak edib.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən, 70-100 nəfərin iştirak etdiyi insident zamanı ölən və xəsarət alanlar olub.

Şahin
BAKU.WS