Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih ilə görüşü olub.


Xəlid Əl Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və rəğbət hissini dövlətimizin başçısına çatdırdı. O, Kralın Azərbaycan Prezidentinin bu yaxınlarda ona göndərdiyi məktubdan böyük məmnunluq hissi keçirdiyini bildirdi.

Prezident İlham Əliyev məktubunda Krala və Səudiyyə Ərəbistanına dərin hörmətini ifadə etdiyini, ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu vurğuladı. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin, iqtisadi, enerji təhlükəsizliyi və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu bildirdi. Söhbət zamanı OPEC çərçivəsində əməkdaşlıqdan və SOCAR və “Saudi Ramko” şirkətləri arasında işbirliyindən danışıldı. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür etdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.



BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışılıb. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edilib və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açılıb. “Microsoft” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və əməkdaşlığın perspektivləri müzakirə olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “SUEZ GROUP” şirkətinin baş icraçı vitse-prezidenti və “MEDEF International”ın Fransa-Azərbaycan Biznes Şurasının sədri xanım Marie-Ange Debon ilə görüşüb.


BAKU.WS xəbər verir ki, xanım Marie-Ange Debon Prezident İlham Əliyevə “SUEZ GROUP”un Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verərək ölkəmizdəki tərəfdaşlarla çox uğurla əməkdaşlıq etdiklərini bildirib. Gələcək planlar barədə danışan Marie-Ange Debon Prezident İlham Əliyevə su, kanalizasiya və yağış sularının aradan qaldırılması sahələrindəki yeni texnologiyalar barədə məlumat verib.

Prezident İlham Əliyev “SUEZ GROUP”un gördüyü işlərdən məmnunluğunu bildirib. Dövlət başçısı Azərbaycanın gələcəkdə də “SUEZ GROUP”la əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.


BAKU.WS xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışılıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.


Azərbaycan Respublikasının Prezidenti hmçinin Davosda “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ilə də görüşüb.

BAKU.WS