26 illik həsrət bitdi - Tarixi Suqovuşan kəndi indi sakinlərini gözləyir - VİDEO

26 illik həsrət bitdi - Tarixi Suqovuşan kəndi indi sakinlərini gözləyir - VİDEO
Video
Siyasət 2771

Ötən gün Füzuli və Tərtərin bir neçə kəndi, bu gün isə Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad edilib. Bu xəbəri eşidən həmin kənd sakinləri sevinclərindən göz yaşlarını saxlaya bilməyiblər. Onlar həmin torpaqlara gedəcəkləri günü səbirsizliklə gözləyirlər.

26 ildir işğalda olan tarixi Suqovuşan kəndinə şanlı Azərbaycan bayrağı belə asıldı. Özü də rəşadətli Azərbaycan hərbçisi tərəfindən…

1994-cü ilin aprel ayında erməni ordusu tərəfindən işğal edilən Tərtərin Suqovuşan və Talışkəndləri ötən gün şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 26 ildir el-obalarının həsrəti ilə yaşayan Suqovuşan sakinləri indi tarixi torpaqlarına getmək üçün gün sayırlar.

Xatırladaq ki, Suqovuşan kəndi ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında mənfur düşmən tərəfindən yenidən işğal edilib. Qeyd edək ki, Suqovuşan əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Ötən gün Füzuli rayonu Aşağı Əbdurrəhmanlı, Cəbrayıl rayonu Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri də işğaldan azad edilib. Mehdili kənd sakini Xəyyam Qafarov deyir ki, 1993-cü ilin avqust ayında düşmən Cəbrayıl rayonunu işğal edərkən 17 yaşı olub. Doğma ata-baba yurdundan didərgin düşən Xəyyam Qafarov indi azad edilən Mehdili kəndinə 13 yaşlı oğlu ilə qayıdacağı günü səbirsizliklə gözləyir.

Cəbrayıl rayon Çaxırlı kənd sakini 90 yaşlı Zinyət Mədətova da kəndlərinin düşmən tapdağından azad edilməsinə çox sevinir. Yaşlı qadın deyir ki, kəndləri işğal edilərkən arzu edib ki, ölərkən doğma kəndlərinin qəbiristanlığında dəfn edilsin. Ziynət nənə və oğlu da indi kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

İndi o torpaqlar sakinlərini, sakinlər də torpaqlarına qovuşacağı tarixi günün həsrətindədirlər.

Son xəbərlər