Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfəri olduqca mühüm əhəmiyyət kəsb edir.

Belə ki, səfər qarşılıqlı fəaliyyətin, regional problemlərin önəmli istiqamətlərinin müzakirə edilməsi baxımından olduqca vacibdir. 

Bu gün Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün parametrlər üzrə yüksək inkişaf tempinə malik olduğunun şahidiyik.

Rusiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə sürətlə inkişaf edərək münasibətlərimiz strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır.

Burada mühüm əhəmiyyət kəsb edən amillərdən biri odur ki, iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikası yüksək səviyyədədir. Bu da ikitərəfli münasibətlərimiz üçün olduqca vacib məqamlardan biridir.

Belə ki, son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib.

Nəzərə alsaq ki, iki ölkə arasında ticarət dövriyyəsi yüksəlir, deməli, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var.

Bu baxımdan da sadəcə siyasi sahədə deyil, iqtisadi sahədə də ciddi addımlar atılır. Pandemiya və bundan irəli gələn iqtisadi məhdudiyyətlərə baxmayaraq, cari ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb.

Rusiya ilə Azərbaycan arasında münasibətlər bir-birinə sıx tellərlə bağlıdır. Həftə ərzində isə Rusiya ekspert mərkəzinin, Rosekzimbankın, ümumilikdə Rusiyanın 30-dan çox şirkətinin iştirak etdiyi biznes konfransı keçirilib.

Bu, ölkələrimiz arasındakı münasibətlərin inkişafına çox mühüm töhfədir. Eyni zamanda, mövcud amil ondan xəbər verir ki, həm Rusiya, həm də Azərbaycan qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin daha da yüksəldilməsində maraqlıdırlar.

Hal-hazırda Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər istiqamətlərini özündə ehtiva edən 7 yol xəritəsi icra olunur. Təhsil sahəsində münasibətlərimiz yüksək səviyyədədir.

Belə ki, Rusiyada azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb ki, 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Azərbaycanda isə 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir.

44 günlük müharibədən sonra imzalanmış 2020-ci il 10 noyabr bəyanatından keçən zaman ərzində baş verən kiçik insidentlərin sistemli xarakter daşımadığını nəzərə alsaq, indiyə qədər Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib.

Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan toqquşmalara, risklərə nəzarət etmək, onları minimuma endirmək və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, habelə üçtərəfli formatda müzakirəsini tələb edir.

Şəbnəm HƏSƏNOVA

Politoloq

BAKU.WS