“Bu müharibəni şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq” deyən cənab Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həll edilməsi təşkil edir.

Bu barədə politoloq Şəbnəm Həsənova BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dövlətimiz şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirib və indi də bu iş davam etdirilməkdədir.
“Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.

Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş mərd Azərbaycan oğullarının adlarının əbədiləşdirilməsi üçün hərbçilərə o rayonların adlarını daşıyan medallar verildi. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi cənab Prezident tərəfindən yüksək orden və medallarla təltif edildi. Göstərdikləri igidliyə görə hərbçilərimiz Azərbaycanın ən ali hərbi ordeni hesab edilən “Vətən Müharibəsi Ordeni” ilə təltif olundular.
İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlandı və Cənab Prezidentin sərəncamı ilə dekabrın 31-də şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılmışdır. 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edildi”, - deyə politoloq bildirib.

Şəbnəm Həsənova vurğulayıb ki, bununla yanaşı, Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılmışdır:

“Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuşdur ki, onun da məbləği 2000 manat olaraq müəyyənləşdirilmişdir. 1450 mənzil və fərdi ev artıq şəhid ailəsinə, müharibə əlilinə təqdim edilmişdir. Bütövlükdə, ikinci Qarabağ müharibəsi döyüşlərində iştirak edən və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş işlər 7 min şəxsi əhatə etmişdir. Avtomobillərin verilməsi proqramı da davam etdirilmiş və il ərzində 400 müharibə əlilinə və əlilliyi olan şəxslərə avtomobillər təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzaladı ki, bu addım cəmiyyət tərəfindən də olduqca müsbət qarşılandı. “YAŞAT” Fondunun yaradılması bir daha dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür.
Birinci Qarabağ müharibəsinin də təcrübəsi göstərir ki, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin təmin edilməsi, rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən bu insanlarımıza xüsusi qayğı ilə yanaşır. Şəhid ailələrinə, analarına, hərbçilərə münasibətdə yüksək humanizm sərgiləyərək onlara olduqca həssas yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətində Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilər hər zaman xüsusi yer tutub. Məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlər gətirilir. Bundan sonra da bu iş davam etdiriləcək. Bu addımlar həm ölkə başçımızın, həm də Mehriban xanım Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir”.

BAKU.WS