SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan Ordusu bu gün bir neçə ölkə ilə yaxın sferada əməkdaşlıq edir. İlk növbədə Rusiya, daha sonra İsrail, Türkiyə, Belarus və digər ölkələrin silahları yer alır. Azərbaycan ordusunda olan pilotsuz uçuş aparatları düşmənə 1 milyard dollardan artıq ziyan vurub. Müdafiə Nazirliyinin yaydığı videolardan da görünür ki, Türkiyə istehsalı olan zərbə təyinatlı PUA-lar düşmənin tankı, artilleriya vasitəsi və hava hücumundan müdafiə sistemini aşkarlayır və raket zərbəsi endirməklə məhv edir".

Bu sözləri BAKU.WS-ə hərbi ekspert Rəşad Süleymanov bildirib. 

Onun sözlərinə görə, bu aparatlar bu günə kimi dünyanın bir neçə regionunda istifadə olunub: "İraqda PKK terrorçularına qarşı, Suriyada "Baxar qalxanı", "Zeytun budağı" əməliyyatlarında, Liviya və Ukraynadakı münaqişələrdə istifadə olunub və özünü müsbət tərəfdən göstərib. Bu uçuş aparatlarını keçmiş Sovet, indiki Rusiya istehsalı olan hava hücumundan müdafiə vasitələrinin qatili də adlandırırlar. Həm Suriya, həm də Qarabağda ən müasir zenit raket kompleksləri - "Pantsir S1", "Tor 2 MK", "OSA" və s. sıradan çıxrılıb.

Bundan başqa Azərbaycan İsrail istehsalı olan dronlardan da istifadə edir. Bunlardan "Harop"un adını xüsusilə qeyd etmək olar. Eləcə yerli istehsal olan pilotsuz uçuş aparatları da cəbhədə yüksək performans göstərir.

Həmçinin Türkiyə, Rusiya, İsrail, Belarus və Ukrayna istehsalı olan artilleriya sistemləri də Azərbaycan ordusunun arsenalında var. Azərbaycan müasir texniki vasitələrin tətbiqi ilə müharibəni aparır. Ordumuz maksimum nəticə və minimum itki ilə irəliləyir. Azərbaycan ordusunun yüksək texnologiyalara əsaslanan silahları mövcuddur ki, bunlar da seçilmiş hədəfləri vurur. Yaşayış məntəqəsində tank hansısa evin arxasında gizlənibsə, yalnız o texnika məhv edilir". 

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev də ötən gün Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan Rusiya, İsrail, Belarus, İran, Ukrayna, Şərqi Avropa ölkələri, o cümlədən Türkiyədən silahlar alır. Azərbaycan ordusunun arsenalında olan və mətbuatda barəsində yazılan bu silahların bəziləri barədə məlumatı olduğu kimi təqdim edirik.

1991-ci ildə SSRİ dağılandan sonra 2005-ci ilə qədər Rusiya Azərbaycana silah satmayıb. Bundan sonrakı illərdə Azərbaycanın Rusiyadan aldığı hərbi texnika və silah-sursatın bir hissəsini belədir:

2007-ci ildə Azərbaycan Rusiya Federasiyasının Müdafiə Nazirliyindən 62 ədəd T-72B tankı, dörd zirehli təmir-təxliyyə maşını BREM-1, eləcə də, altı ədəd “Msta-B” adlı 152 mm-lik daşınan haubitsa əldə edib.

2008-2010-cu illərdə Azərbaycana 70 ədəd BTR-80A zirehli yeni istehsal edilmiş transportyoru və hərbi məqsədlər üçün istifadə edilən “KamAZ” avtomobilləri göndərilib. O cümlədən, müqaviləyə görə, 2010-cu ildə Azərbaycan tərəfi 100 ədəd tank əleyhinə “Kornet-E” kompleksləri alıb.

2009-cu ildə Azərbaycana hər birində dörd buraxılış qurğusu olan iki divizion S-300 zenit-raket sisteminin göndərilməsi ilə bağlı müqavilə imzalanıb və 2010-2011-ci illərdə həmin raketlər təhvil verilib. Ekspertlər tərəfindən saziş 300 milyon dollar həcmində dəyərləndirilib.

Həmin illərdə bağlanmış böyük müqavilələr çərçivəsində 2013-2018-ci illərdə Azərbaycan tərəfi Rusiyadan quru qoşunları üçün böyük həcmdə yeni istehsal edilmiş silahlar əldə edib:

- 100 ədəd T-90S tankı;

- 118 ədəd BMP-3 hərbi piyada maşını;

- 230 ədəd BTR-82A zirehli transportyor;

- 166 ədəd artilleriya sistemi, o cümlədən, 18 ədəd 152 mm kalibirli “Msta-C özüyeriyən haubitsa, 18 ədəd 120 mm-lik özüyeriyən “Vena” topları (Azərbaycan bu silahın ilk sifarişçisidir - red.), 18 ədəd 300 mm-lik “Smerç” reaktiv sistemli hərbi maşın və 24 ədəd ağır odsaçan sistem maşınları olan TOS-1A “Solntsepyok”.

Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması 11 il əvvələ təsadüf edir. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır.

Azərbaycan İsraildən reaktiv yaylım atəş sistemləri və pilotsuz uçuş aparatları alıb: 122 mm-lik Lynx Qrad, LAR-160 reaktiv yaylım atəş sistemi, 305 mm-lik extra operativ-taktik raket sistemləri (uçuş məsafəsi 150-160 km), eləcə də Azərbaycan İsrail şirkətindən “Aerostar” və “Orbiter-2” pilotsuz uçuş aparatları alıb.

2008-ci ildə Azərbaycanın Müdafiə Nazirliyi və İsrailin “Elbit” şirkəti ilə imzalanan kontrakt əsasında Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan T-72 tankları modernizasiya olunub.

Həmin illərdə Azərbaycan və İsrailin “Elbit” şirkəti arasında imzalanan 156 milyon dollarlıq müqavilə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin rabitə sistemi tamamilə yenilənib. Alınan rabitə sistemlərindən bu gün də istifadə olunur və bu, dünyada istifadə olunan ən müasir rabitə sistemidir.

Azərbaycan İsraildən Qarabağda istifadə etdiyimiz “Harop” silahlarını alıb. Eyni zamanda “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları İsraildən alınıb.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Bir neçə il öncə ölkələrimiz arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə təsdiq edilib.

Azərbaycan indiyədək Türkiyədən 122 mm çaplı “T-122 Sakarya" reaktiv atəş sistemləri idxal edib. Bundan əlavə, Azərbaycan sözügedən artilleriya sistemlərində tətbiq olunan TR-122 raketini də Türkiyədən alıb. “T-122 Sakarya" reaktiv atəş sistemi və onun raketləri ROKETSAN şirkəti tərəfindən istehsal olunur. Bu raketlərin atış mənzili 40 km-dir. Bu isə Azərbaycan Ordusunun mövcud 9K51 "Qrad" qurğularında tətbiq olunan raketlərin atış məsafəsindən təxminən 2 dəfə çoxdur.

Ordumuzda, həmçinin ROKETSAN şirkətinin istehsalı olan TR-107 artırılmış mənzilli raketlərdən də istifadə olunur. TR-107 raketlərinin atış mənzili 11 km təşkil edir ki, bu MDB məkanında geniş yayılmış Rusiya və Ukrayna istehsalı olan raketlərin atış mənzilindən 3-4 km çoxdur. TR-107 raketləri atış mənzilinə, dəqiqliyinə və dağıdıcı gücünə görə öz sinfində ən mükəmməl və dünyada qəbul edilən raketlərdən hesab olunur.

Türkiyədən alınan dağıdıcı silahlardan biri də 105-130 km-lik TR-300 “Qasırğa” raketləridir. Azərbaycanın Müdafiə Nazirliyinin Türkiyənin ROKETSAN şirkətinə sifariş verdiyi “Qasırğa” komplekslərinin çatdırılmasına 2014-cü ilin sentyabr ayında başlanıb və proses 2016-cı ildə yekunlaşıb. 

Türkiyənin "Bayraktar Makina" şirkətinin istehsalı olan "Bayraktar TB2" aparatı Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistana məxsus hərbi obyektlər, zirehli texnikalar, RƏM sistemləri və canlı qüvvənin məhv edilməsində istifadə olunur.

Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın yüksəlməsi 2004-cü ildən sonrakı dövrə təsadüf edir. Azərbaycan 2005-ci ildən etibarən Belarusdan böyükhəcmli silah və hərbi texnikanın satın alınmasına başlayıb.

Belarus şirkətləri Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasında yer alan "S-125 Peçora" və "Osa" zenit raket komplekslərinin modernləşdirilməsi proqramına qatılıblar.

Azərbaycanın "Azairtechservice" və Belarusun "Tetrayder" şirkəti birgə bu sistemlərin modernləşdirilməsini həyata keçirib. Bununla bərabər Hava Hücumundan Müdafiə Qoşunlarının istifadəsində olan radiolokasiya stansiyaları da müasirləşdirilib.

Azərbaycan 2005-2017-ci illərdə Belarusdan 153 ədəd T-72 tankı, 60 ədəd BTR-70, 158 ədəd haubitsa əldə edib. Bu haubitsalardan 12-si 203 mm-lik “Pion” (atış məsafəsi 50 kilometr) özüyeriyən artilleriya sistemi, 26-sı 2017-ci ildə alınmış "Giatsin-B", 120 ədədi isə D-30-dur. Bunlarla yanaşı, Azərbaycan adıçəkilən ölkədən 11 ədəd "Su-25" döyüş təyyarəsi əldə edib. Bu təyyarələr modernləşdirilib.

2012-2013-cü illərdə Belarusun OKB TSP şirkətindən bir neçə batareya "Buk-MB" zenit-raket kompleksi alıb. 2018-ci ilin əvvəllərində Azərbaycan bu ölkədən "Qroza-S" radioelektron mübarizə sistemlərini əldə edib. Azərbaycan həmçinin hərbi ticarətdə ən böyük paya sahib olan "Polonez" operativ-taktik raket komplekslərini də alıb.

QEYD: Məqalədə adları çəkilən döyüş təyyarəsi, hərbi texnika, silah-sursat Azərbaycan ordusunun gücünün bir hissəsini təşkil edir.

Orxan Hüseyn
BAKU.WS