Bu gün ictimai xadim Əli bəy Hüseynzadənin anadan olmasından 160 il ötür
Bu gün görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin anadan olmasından 160 il ötür.
BAKU.WS xəbər verir ki, Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olub. Uşaq yaşlarından babası, Qafqazın şeyxülislamı Axund Əhmədin himayəsi altında böyüyüb.
O, Tiflis gimnaziyasında, Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat, İstanbul Universitetinin hərbi tibb fakültələrində təhsil alıb.Türk, fars, ərəb, alman və rus dillərini öyrənən Hüseynzadə Rusiya və Türkiyədə olarkən tələbə hərəkatına qoşulub.
O, 1897-1900-cu illərdə türk-yunan müharibəsində İtaliyada hərbi həkim kimi çalışıb. Üç ildən sonra İstanbula qayıdıb və təhsil aldığı universitetdə professor köməkçisi işləyib, tibbə dair bir sıra əsərlər yazıb.
1904-cü ildə Bakıya gələn Hüseynzadə jurnalistika fəaliyyətinə də başlayıb, “Həyat” qəzetinin redaktorlarından biri, “Kaspi” qəzetinin müvəqqəti redaktoru, “Füyuzat” jurnalının isə redaktoru olub. Qeyd olunan mətbuat orqanlarında onun ictimai-siyasi hadisələrə, doğma xalqının tarixinə, mədəniyyətinə, dilinə, dininə, adət-ənənəsinə dair çoxsaylı məqalələri, həmçinin dünya ədəbiyyatından tərcümələri yer alıb.“Füyuzat”da Əli bəy Hüseynzadə məqalələrinin birində yazıb:“Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!”
Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” - Azərbaycançılıq şəklində inkişaf etdirilərək təbliğ olundu.
Əli bəy Hüseynzadənin publisistikası ictimai-siyasi və mədəni mühitə yeni nəfəs gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirib.Əli bəy Hüseynzadə bəzən azadlığı obrazlı təqdim etmiş, azad sözü “pəriyi-hürriyyət” adlandırmış, “Kuhi-Qaf və Simurq” məqaləsində azadlığı Qaf dağlarına zəncirlə bağlanmış Prometeyə bənzədib.
Bakıda həm də pedaqoji fəaliyyətlə də məşğul olan Əli bəy Hüseynzadə yenilikçi müəllim kimi 1908-ci ildə “Səadət” Xeyriyyə Cəmiyyətinin məktəbində müdir işləyib. O, millətin inkişafında, mədəni yüksəlişində maarifin rolunu yüksək qiymətləndirib.
Gənc Türklər İnqilabından (1908) sonra Bakıda Əli bəy Hüseynzadənin fəaliyyətinə süni əngəllər törədilib və o, iki il sonra Türkiyəyə qayıdaraq qısa bir müddətdə İstanbul Universitetinin professoru olub.O, Bakıya sonuncu dəfə 1926-cı ildə I Ümumittifaq Türkoloji qurultayda iştirak etmək üçün gəlib, məruzə adı ilə gətirdiyi “Qərbin iki dastanında türk” əsərinin nəşrinə nail olub.
Əli bəy Hüseynzadə siyasi, fəlsəfi, ədəbi-tənqidi və estetik görüşlərində milli amili və islahatı önə çəkib, milli ideologiyanın irəli sürülməsinin tərəfdarı olub. Bütün fəaliyyəti boyu “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını əsas hesab edib. O, türk xalqları üçün ümumi ədəbi dil yaradılmasının tərəfdarı olub.
Onun elmi, ədəbi-bədii irsində Bakıda işlədiyi illərdə yazdığı və mütəxəssislər tərəfindən şah əsəri hesab edilən “Siyasəti-fürusət”, eləcə də “Füyuzat” məcmuəsi xüsusi yer tutur.
Əli bəy Hüseynzadə “Molla Nəsrəddin” jurnalının nəşrini mühüm ədəbi-ictimai hadisə hesab edib, demokratik görüşlü şair və yazıçılarımızın ədəbi fəaliyyətlərini yüksək qiymətləndirib. O, həm də rəssam kimi şöhrət qazanıb, boyakarlığın müxtəlif janrlarında işləyib, mənzərə, məişət mövzularında əsərlər və portretlər yaradıb. Onun “Bibiheybət məscidi” tablosu, “Şeyxülislam” portreti, “Azərbaycan ailəsi” və digər əsərləri həyatiliyi və bədiiliyi ilə diqqəti cəlb edir.
Müasirlərinin “Qafqaz müsəlmanlarının atası”, “Türk xalqlarına kimliyini bildirən dahi”, “Bütün türk dünyasının mücahidi”, “Türkçülüyün babası (atası)” adlandırdıqları, aktuallığını bu gün də saxlayan yuxarıda qeyd olunan fikirlərin müəllifi Əli bəy Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr etmişdir.
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə edib. Mütəfəkkir siyasi həyata dalmış olan Ziya Gökalpa yaxınlaşmanın çətin olduğunu bildirərək göstərib: "Məhz bu sırada Hüseynzadə, türkçülərin rəhbərlərindən və bizi dinləyən, yol göstərən biricik insan olub".
Ə.Hüseynzadə, həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Əli bəy Hüseynzadə 1940-cı ildə martın 17-də İstanbulda vəfat edib.
Görkəmli ədibin anadan olmasının 150 illiyi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Onun adı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Oxşar xəbərlər
Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin doğum günüdür
Bu gün Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr verən Abdulla Şaiqin anadan olmasının 143-ci ildönümüdür. BAKU.WS xəbər verir ki, Abdulla Axund Mustafa oğlu...