Azərbaycanəsilli şərqşünas , tarixçi Mirzə Kazım bəyin vəfatından 153 il ötür
Bu gün Azərbaycanəsilli rus şərqşünası, tarixçi və filoloq Mirzə Kazım bəyin anım günüdür. O 153 il əvvəl bu gün yəni, noyabrında 27-də 68 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, Mirzə Kazım bəy 1802-ci ildə Rəşt şəhərində ruhani ailəsində doğulub.
Bir çox mənbələr onun milli mənsubiyyətinə görə azərbaycanlı olduğunu göstərsə də, bəzi mənbələrdə onun "tatar mənşəli" olması fikrini irəli sürülüb.
Atası Məhəmməd Qasım Kazımbəy Dərbəndin (o vaxtlar Azərbaycanın Quba xanlığının tərkibində olmuş, sonralar Rusiya imperiyasına birləşdirilmişdir) tanınmış ruhani şəxslərindən olmuşdur. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı olub.
Məkkəyə həcc ziyarətindən qayıdarkən atası Məhəmməd Qasım Kazımbəy Rəşt şəhərində (İndiki İran İslam Republikasının Gilan vilayəti) yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur. Bir qədər sonra atası Dərbəndə qazı təyin olunur və ailəsi ilə bu şəhərə köçür.
Kazımbəy İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənməklə yanaşı rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Cəmi 17 yaşında isə "Ərəb dilinin qramatikası" adlı kitabını yazır. Atası isə oğlunun ruhani olmasını və İran və Ərəbistana dini təhsil dalınca getməsini istəyir.
Lakin 1820-ci ildə Məhəmməd Qasım Kazımbəy İran leyhinə casusluq fəaliyyətində ittiham olunur, bütün rütbələrindən məhrum edilir və xanımı ilə birgə Həştərxana sürgün olunur.
Dərbənddə yaşadığı dövrdə tez-tez şotland-dini missionerlər ilə görüşür və onlarla saatlarla davam edən müzakirələr aparır. Bu müzakirələr gənc Kazımbəyi Xristian dinin əsaslarına dair mütəmadi suallara aparırır və o xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır.
Ciddi götür-qoydan sonra bu dini qəbul etmək qərarına gəlir. Bu hadisə onun ailəsi ilə münasibətlərinin pozulması ilə nəticələnir.
Ömrünün sonunadək Xristianlıq dininə sitayiş edir.
Kazımbəy bir sıra tarixi mövzularda kitabların müəllifidir. Türk dilində yazdığı "Əssəb əs-Səyyar" (Yeddi planet) əsəri Krım xanlığının 1466–1737-ci illər aralığındakı tarixi haqqındadır. 1841-ci ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların tarixi haqqında dəyərli elmi məlumatlar verir. O həmçinin, Məhəmməd Əvabinin "Dərbəndnamə" əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edir və 1856-cı ildə nəşr etdirir.
Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunmuş "Bab və Babilər: 1848–1852-ci illər İranda Dini və Siyasi Təlatümlər" əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olmuşdur: "Qurani-Kərimdə ahənglik" (1859), "Müridizm və Şamil" (1859), "İslam tarixi" (1860) və başqaları.
1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv və Kazan universitetində yenicə yaranmış "Türk dilləri" fakültəsinə rəhbər təyin olunur. 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1839-cu ildə Demidov mükafatına layiq görüləcək "Türk-tatar dillərinin qramatikası" adlı fundamental elmi monoqrafiyasını yazır.
Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri "Tatar" və ya "Türk-tatar" adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunurdu. Bu əsərində Kazımbəy osmanlı, azəri və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisısini aparır. Əsər 1846-cı ildə ikinci dəfə nəşr olunur və Qərbi Avropada türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olur.
1921-ci ildə Jan Denin "Türk dilinin qramatikası" (Osmanlı dialekti) əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunub.
1849-cu ildə Kazımbəy St. Pterburq universitetinə yenicə açılmış "Şərq dilləri" fakültəsinə dekan təyin göndərilir. 1863-cü ildə isə burada "Şərq tarixi" kafedrasını təsis edir. O şərq mədəniyyətinin öyrənilməsinə maraq göstərən tələbələrin təcrübi ekskursiyaylara göndərilməsinin təşkilinə nail olur. 1854-cü ildə türk dilinə dair yeni, "Türk dillərinin öyrənilməsində kurs dərsliyi" və 6700 sözdən (o dövrün ən irilərindən biri) ibarət rus-türk lüğəti (sözlüyü) nəşr etdirir. Həmin il "Şərq dillərindənə törəmiş rus söz və söz birləşmlərinin izahına dair" əsərini də yazmağa müvəffəq olur.
1868-ci ildə rus elmi dairlərində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona ən böyük arzusu, mənsub olduğu və həmişə sadiq qaldığı türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihısini həyata keçirməsinə imkan vermir. Mirzə Kazım bəy Rusiya Elmlər Akedemiyasının Müxbir üzvü olub eyni zamanda, 3 dəfə Demidov medalına layiq görülüb.
Mirzə Kazım bəy 1870-ci ildə Sankt-Peterburqda dünyasını dəyişib.
Oxşar xəbərlər
Bu gün Xan Şuşinskinin anadan olmasından 122 il ötür
Bu gün Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin anadan olmasından 122 il ötür. Xan Şuşinski 20 avqust 1901-ci ildə Şuşada...