Fərhad Bədəlbəyli: “Atamın ölümündə bəzi məmurların əli var” – MÜSAHİBƏ

Fərhad Bədəlbəyli: “Atamın ölümündə bəzi məmurların əli var” – MÜSAHİBƏ
Mədəniyyət 473

“Onun ömrünün qısalmağında bəzi məmurların əli var. Həmin hadisədən bir il sonra vəfat etdi. Son gün onu xəstəxanaya apardım. Dedilər ki, darıxmayın, yaxşı olacaq. Ona həddindən çox dərman verdilər, təzyiqi çox düşdü, ürəyi dözmədi”.

Bu sözləri kulis.az-a müsahibəsində aktyor, rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin oğlu Fərhad Bədəlbəyli deyib.

BAKU.WS həmin müsahibəni təqdim edir:

– Şəmsi Bədəlbəyli necə ata idi?

– Məni çox sevirdi. Tərbiyə məsələsində çox ciddi idi. Məsələn, Moskvaya gedirdik bir dəfə, yeməyimiz bol idi. Çörəyimiz isə az idi. Gördüm ki, axırıncı bir dilim çörək qalıb, onu götürüb yedim. Atam dedi ki, “eybi yox, mən sənə heç nə deməyəcəm, amma bir də belə şey etmə. İndi sən “krısalıq” etmisən. Çörəyin son dilimini iki yerə bölmək lazımdır”. Mən ağladım, anam dedi ki, uşağı pərt elədin. Atam isə dedi, “yox, sabah mən olmayacam, onun psixologiyası bu cür olmalıdır. Son tikəni bölüşməlidir”. Bu mənim üçün dərs oldu. İndi dostlarla yemək yeyəndə çörəyi bölürəm, deyirlər, əl çək, istəmirik. (gülür)

– Evdə sərt idi?

– Mənim yadıma gəlmir ki, nə vaxtsa atam mənim üstümə qışqırsın. Ailədə çox mehriban insan idi. Çox xeyirxah idi. Bəlkə də, ailəmizin illər uzunu qarşılaşdığı çətinliklər atamı insanlara qarşı mehriban eləmişdi. O, insanlığa çox dəyər verirdi. Bəzən də sərt olurdu. O ailənin çox böyük faciələri var. İki qardaş repressiyaya məruz qaldı. Atam da yarım il repressiyaya məruz qalıb. Sonra onu buraxdılar. Atam məmurlarla da toqquşurdu. Elə mən də toqquşuram. Onlar elə bilirlər ki, həmişə var olacaqlar. Atam həmişə deyirdi ki, heç vaxt başını aşağı salma. Bulqakovun “Master və Marqarita”sında da deyilir ki, heç vaxt xahiş etmə, əgər lazımdırsa, sənə verəcəklər. Mən də heç kimdən heç nə xahiş etməmişəm. Bütün bu fəxri adlar, titullar özləri gəlib. Biz 50 illik yubileyi burada qeyd edirdik, dedilər ki, sənə heç bir ad verməyəcəyik, dedim, canınız sağ olsun.

– Rahat olmusunuz.

– Tamamilə rahat olmuşam. SSRİ Xalq artisti adı o vaxt marşala bərabər idi. Ona görə də tam xoşbəxt idim, dostlarım var idi, tələbələrim məni sevirdilər. Atam həmişə deyirdi ki, belə şeylərə fikir vermə. Ona Xalq artisti adı verirdilər, qardaşı Əfrasiyaba vermədilər. Gedib Mərkəzi Komitədə Süleyman Vəzirova dedi ki, “o mənim böyük qardaşımdır, “Qız qalası” baletinin müəllifidir. Fəxri adı mənə yox, ona verin”. Hansı qardaş bunu edər? Heç kim. Sonra özü də ad aldı. Hamıya ədalətlə yanaşırdı. Hazırcavab idi, Mərkəzi Komitənin katibləri bir şey desə də, onlara cavab verirdi.

– Fərhad bəy, Şəmsi Bədəlbəylinin ailəsində doğulmaq sizə üstünlüklərlə bərabər, hansı çətinlikləri gətirib?

– Çətinlik odur ki, yaxşı musiqiçi olduğunu sübut etməlisən. Şəmsi bəy mənim əvəzimə səhnədə ifa etməyəcək axı. O vaxt Moskva Konservatoriyasında XX əsrin ən yaxşı pianoçuları çalışırdılar. Onların qarşısında çıxış etmək, Portuqaliyaya getmək, müsabiqələrə çıxmaq çox çətin idi. Əlbəttə, uşaqlıqda çox xoşbəxt idim. Çünki maestro Niyazinin məşqlərinə gedirdim. Evimizə Fikrət Əmirov, Səid Rüstəmov gəlir, atamla birlikdə operetta üzərində işləyirdilər. Bu mənim üçün böyük bir üstünlük idi. Amma sonra nəyə qadir olduğunu özün sübut etməlisən. Gündə 8-9 saat çalışırdım piano arxasında. Əgər siz bu soyadın altında çıxış edirsinizsə, məsuliyyətiniz daha böyükdür. Başqaları nəsə səhv etsələr, üstündən keçəcəkdilər. Amma mən səhv edəndə deyəcəkdilər ki, “elə atanın belə oğlu, heyf”.

– Üzeyir Hacıbəyovla yaxın qohum olublar...

– Babam Bədəl bəylə Üzeyir bəy doğmaca xalaoğlu idilər. Ona görə də bir-biri ilə sıx təmasda olublar. Atamla Əfrasiyab əmimin yetişmələrində Üzeyir bəyin rolu çox olub. Xüsusilə Şəmsi Bədəlbəylinin yetişməsində. Atamın bütün ömrü, demək olar ki, Üzeyir bəylə bağlı idi. Azərbaycan Musiqili Komediya Teatrını da atam məhz Üzeyir bəyin təklifindən sonra yaradıb. İlk dəfə həmin teatrda Üzeyir bəyin “O olmasın, bu olsun” və “Arşın mal alan” operettaları tamaşaya qoyulub. Onun direktor olduğu illərdə “Muzkomediya”, doğrudan da, qüvvətli teatrlardan idi. O teatrdan əvvəl isə atam Opera Teatrında rejissor idi. Atam orta təhsilini Bədəl bəyin öz məktəbində başa vurandan sonra Üzeyir bəy onu konservatoriyaya dəvət eləyir - tar sinfinə. Çünki atam uşaqlıqdan tar çalırmış. Ancaq sonradan Şəmsi müəllim öz fəaliyyətini rejissor kimi davam etdirdi. Bu işdə mərhum Cəfər Cabbarlının ona böyük təsiri olub. Çünki Əfrasiyab Bədəlbəyli ilə Cəfər Cabbarlı arasında böyük dostluq əlaqələri mövcud idi və bu dostluq Şəmsinin rejissor kimi fəaliyyət göstərməsinə də təsir edib.

– Az əvvəl repressiyalardan söz açdınız. Üzeyir bəy vaxtilə çox adama repressiyadan qurtulmaqda kömək edib. Bəs sizin ailəyə niyə dəstək ola bilmədi?

– O yazıq özü qılıncın altında idi. Gündə bir məqalə yazıb təhqir edirdilər onu. Ancaq və ancaq “Arşın mal alan” və “Koroğlu”ya görə Stalin ona dəymirdi. Bulqakova da toxunmadı, Üzeyir bəyə də. Stalin başa düşürdü ki, onlar, həqiqətən, dahi insanlardır. Amma Hüseyn Cavid də, Müşfiq də getdilər. Bədəl bəy Bədəlbəyli 1932-ci ildə vəfat etməsəydi, 1937-də o da gedəcəkdi.

– Atanızla əminiz sirləri əski əlifba ilə yazırmışlar...

– Bəli, əski əlifba ilə yazırdılar. O, ərəb əlifbasını bilirdi və bəzən Əfrasiyab əmimlə məktublaşanda bu əlifbadan istifadə edirdi.

– Şəmsi bəy teatr rəhbəri olub. Teatrdakı intriqalar ona necə təsir edirdi?

– Onun evdə ürəyi də sancırdı. Ona çox təzyiq göstərirdilər. Məqalə yazırdılar ki, o bizi rejissor kimi qane etmir. Çox incidi onlardan. Çünki hamısının üstündə əməyi var idi. Teatr daim intriqaların içində olub. Təkcə Azərbaycanda yox, bütün dünyada. İntriqasız teatr yoxdur. Guya siyasət intriqasız olur? Bəs jurnalistika?

– Məclis qurmağı xoşlayırdımı?

– Biz həmişə maestro Niyazinin evində kef çəkirdik. 15 yaşımda süfrə arxasında onlarla birlikdə çörək yeyirdim. O mənim təkcə atam yox, həm də dostum idi. Mənə azadlıq vermişdi. Zarafatlarımız var idi, birlikdə gözəl qızlara baxırdıq.

– Qadınlara münasibəti necə idi?

– Çox yaxşı. Bütün Moskva ulduzları, gözəl qadınlar Bakıya gəlirdilər. Təbii ki, atam da yaraşıqlı kişi idi. Heyf ki, mən ona oxşamadım. O tamam başqa, lüks bir insan idi. Saçını darayırdı, bütün qızlar da baxırdılar. Atam isə bundan sadəcə feyzyab olurdu. (gülür)

– Buna görə ananızla problem yaşamırdı?

– Anam heç vaxt qısqanmayıb. Bilirdi ki, hamı ona baxır. Deyirdi, “gözəl kişidir, baxsınlar”. Özündən çox razı idi.

– Dostları kimlər idi?

– Lütfəli Abdullayev, maestro Niyazi, Süleyman Rüstəm, Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev, Səid Rüstəmov, Fikrət Əmirov, Nəsibə Zeynalova. Nəsibə xanım bizə gəlirdi, birlikdə qastrollara gedirdik. Onun qucağında fotom da var. Şövkət xanımla da dost idi. Onlara çox hörmətlə yanaşırdı. Bizim evimizdə heç bir problem olmayıb. Atam rəhmətə gedəndə Süleyman Rüstəm çox təsirli bir şeir yazdı ki, “Şəmsisiz qalmışıq”. Atamın SSRİ-nin başqa respublikalarında da yaxşı dostları vardı. Tanınmış gürcü rejissoru Dodo Aleksidze ilə yaxın əlaqələri vardı. Yəni o vaxt SSRİ-də yaşayan bütün tanınmış musiqiçilər, rejissorlar və digər mədəniyyət xadimləri onunla yaxın təmasda idilər.

– Şəmsi müəllimin hansı xasiyyəti sizinki ilə oxşardır?

– İnsanlara qarşı xeyirxah olmaq hissi onda güclü idi və bu keyfiyyət ondan mənə keçib. Şəmsi müəllim heç vaxt vəzifəcə özündən aşağı olanları incitməyib. Bu xüsusiyyət məndə də var.

– Bəs fərqli cəhətləriniz nələrdi?

– O, məndən xeyli savadlı idi. Şəmsi müəllim həm milli psixologiyamızı, həm rus mədəniyyətini, həm də Avropa mədəniyyətini gözəl bilirdi. Biz isə rusdilli uşaqlar idik, məktəbdə rus bölməsində təhsil almışdıq. İndi-indi biz öz milli mədəniyyətimizi öyrənməyə başlamışıq. Şəmsi müəllim isə milli musiqimizi, muğamatımızı, klassik ədəbiyyatımızı çox gözəl bilirdi. Əylənməyi də xoşlayırdı. Futbolu çox sevirdi. “Neftçi” uduzanda ona çox təsir eləyirdi, ürəyi ağrıyırdı.

– Hansı yeməkləri xoşlayırdı?

- Əlbəttə, milli xörəkləri çox sevirdi. Ən çox xoşladığı isə şüyüdlü plov idi. Mənim nənəmin bir tərəfi Qacarlar nəslindəndi. Ona görə nənəm tez-tez “İran plovu” bişirirdi.

– Sənət adamları, yaradıcı insanlar siqaretdən və içkidən istifadə etməyi sevirlər…

- Atam içirdi, özü də möhkəm. Atam, mən və bir də maestro Niyazi bir yerdə “bir vaqon” araq içmişik. 13 yaşımdan məclislərdə atama badə yoldaşı olmuşam. Siqaret də çox çəkirdi. Həmişə siqaret çəkdiyinə görə onunla mübahisə edirdim. Çünki ürəyi xəstə idi. Atam ürəyi xəstə ola-ola siqaret çəkdiyi üçün mən siqaretə nifrət elədim və çəkmədim. Çəkəndə də bahalı siqaretlər çəkirdi.

– Ömrünün son illərində həmkarları tərəfindən atanıza xəyanət də olub...

– Mən dəqiq bilmirəm, amma niyəsə yaralı getdi. Heç nə başa düşmədim. Yəqin, intriqalar... Özü heç nə demirdi. Çox qapalı insan idi. Mərd idi, heç nədən şikayət etməzdi. Nədənsə narazılıq etdiyini, təəssüfləndiyini görməmişəm. Heyf, gözəl aktyor idi.

– Şəmsi bəyin son günlərini necə xatırlayırsınız?

– Ağır günlər idi. Ona görə də mən o günləri həmişə unutmağa çalışmışam. Teatr Xadimləri İttifaqının qurultayı idi. Onu seçməliydilər, Şəmsi bəy ən sanballı namizəd idi. Mərkəzi Komitədən zəng gəldi ki, ayrı bir adam seçilsin. Özü də son dəqiqədə. Birdən-birə ağappaq oldu, çox sıxıldı. Onu götürüb getdik evə. Maraqlı bir hadisə baş verdi, konyak götürüb açmaq istədim, şüşə partladı. Onun ömrünün qısalmağında bəzi məmurların əli var. Həmin hadisədən bir il sonra vəfat etdi. Son gün onu xəstəxanaya apardım. Dedilər ki, darıxmayın, yaxşı olacaq. Ona həddindən çox dərman verdilər, təzyiqi çox düşdü, ürəyi dözmədi. Qayıtdım evə, birdən Sevda xanım zəng elədi. Dedi, xəbərin yoxdur? Atana nəsə olub, get ora. Artıq başa düşdüm.

­­­– Sənətkar ailəsində dünyaya gəlmisiniz. İncəsənət mühitinin içərisində böyümüsünüz. Fərhad Bədəlbəyli kimi sənətdə və həyatda ən böyük çətinliyiniz nə olub?

– Mən sübut etməliydim ki, həqiqətən də, yaxşı musiqiçiyəm! Çətinliyim bu idi. Şəmsi müəllim mənim əvəzimə səhnəyə çıxıb piano çalmayacaqdı. Moskva Dövlət Konservatoriyasında oxuyanda orada 20-ci əsrin ən böyük musiqiçiləri çalışırdılar. Onların qarşısında çıxış etmək, müsabiqələrdə iştirak etmək çox çətin idi. Əlbəttə, mən uşaqlıqda çox xoşbəxt olmuşam. Çünki maestro Niyazinin məşqlərinə gedirdim. Onun, demək olar, övladı kimi idim. Bundan başqa, o dövrün görkəmli insanları Fikrət Əmirov, Səid Rüstəmov və başqaları gəlirdilər. Mühit mənə mütləq təsir edirdi. Onları dinləyirdim. Yaşadığım mühit mənim üçün böyük dəstək olub. Bundan sonrasını – nələrə qadir olduğumu artıq mən özüm sübut etməliydim. Hər gün səkkiz, doqquz saat çalışırdım. Asan məsələ deyildi. Ona görə indi belimdəki ağrılar məni incidir. Bilirsiniz, əgər bir insan məşhur soyadın altında çıxış edirsə, onun məsuliyyəti daha böyük olur. Mənim qüsurlarım olsaydı, deyəcəkdilər, eh, heyf ki, elə atanın belə oğlu oldu. Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Şəmsinin qarşısında mən cavab verməyə borcluydum.

Son xəbərlər