Azərbaycanlı maarifçi Firidun bəy Köçərlinin anadan olmasından 161 il ötür
Azərbaycanlı maarifçi, pedaqoq, ədəbiyyatşünas Firidun bəy Köçərlinin anadan olmasından 161 il ötür. Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi məhs bu gün də, yanvarın 26-da doğulub.
BAKU.WS xəbər verir ki, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərli 1863-cü ildə Şuşa şəhərində dünyaya gəlib. 1872–1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Daha sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur.
1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir Firidun bəyi də təhsil almaq üçün Qoriyə aparır. 1879–1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır.
Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır1885-ci ildə seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvanda fəaliyyət göstərdiyi dövrdə gimnaziyada ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılmışdır.
Ona "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələri verilmişdir. 1893–1894-cü illərdə yenidən İrəvan gimnaziyasında fəaliyyət göstərir. 1895-ci ildə isə İrəvan şəhərini tərk edir. Elə həmin ildə Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"-nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir.
1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir, və İstiqlal bəyannaməsini imzalayır. 1919-cu il fevralın 1-də Müsavat partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilir.
Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazıb. İrəvan gimnaziyasında çalışdığı illərdə Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib etmişdir. 1886-cı ildə ilk teatr tamaşasını qoymuşdur. 1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyub. 1903-cü ildə Tiflisdə "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilir.
Elə həmin ildə M.F.Axundovun "Aldanmış kəvakib" povestini rus dilinə çevirir. 1904-cü ildə A.P.Çexovun "At familiyası" hekayəsini tərcümə edib, kiçik bir müqəddimə ilə "Şərqi-Rus" qəzetində dərc etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasını təqdir edərək, jurnalın birinci üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb, "Tiflisskiy listok" qəzetində dərc etdirir. "İrşad" qəzetində "Bir darülmüəllimin kifayətdir" adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil Müəllimlər Seminariyası yaradılması məsələsini qaldırır.
1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır.
Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir.1899-cu ildə III dərəcəli "Müqəddəs Anna" ordeni ilə 1902-ci ildə isə II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir.
12 sentyabr 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır. 2013-cü ildə Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyi keçirilmişdir.
Oxşar xəbərlər
Bu gün Həsən bəy Zərdabinin anım günüdür
Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi Həsən bəy Zərdabinin anım günüdür....