Bu gün görkəmli kinorejissor Rasim Ocaqovun doğum günüdür

Bu gün görkəmli kinorejissor Rasim Ocaqovun doğum günüdür
Mədəniyyət 52

Bu gün Xalq artisti, kinorejissor Rasim Ocaqovun doğum günüdür. Onun anadan olmasından 91 il ötür.

Rasim Mirqasım oğlu Ocaqov 1933-cü ilin bu günü, yəni noyabrın 22-də Şəkidə anadan olub.

1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.

1950-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. 1958-ci ildə çəkilmiş "Onun böyük ürəyi" filmi R.Ocaqovun ilk sərbəst işi idi.

Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salının. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filminin tamamlanması olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o, qəhrəmanların ifaçılarını dəyişib, ssenarini yenidən işləyib. Qatır Məmmədin obrazını isə aktyor Şahmar Ələkbərova tapşırıb. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə uğurlu olduğu mətbuatda geniş qeyd edilib.

Onun ikinci rejissor işi "Tütək səsi" filmi olub. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır.

"Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın cəmiyyətə münasibəti mövzusunda söhbət açır.

Rasim Ocaqov 1980-81-ci illərdə Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatına, 1982-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.

2002-ci il iyunun 11-də Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Rasim Ocaqov 2006-cı il iyulun 11-də Bakıda vəfat edib.

2013-cü il noyabrın 22-də Bakıda yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib.

Barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.

Son xəbərlər