"Azərbaycan Kitab Mükafatı" təsis ediləcək: Müsabiqə ədalətli keçiriləcək?
Mədəniyyət Nazirliyi tərəfindən "Azərbaycan Kitab Mükafatı"nın təsis ediləcəyi xəbəri ədəbiyyat aləmində canlanma yaradıb. "Mükafat kimə veriləcək?", "Laureat kim olacaq?", "Müsabiqə ədalətli keçiriləcək?" və s. kimi suallar ətrafında müzakirələr sosial platformaların gündəmindən düşmür.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Tanınmış yazıçılar, ədəbiyyatşünas alimlər "müsabiqəni necə obyektiv keçirmək olar" fikri ətrafında mövqelərini bölüşürlər:
Prosesin ətrafında yaranan ajiotaj
Yazıçı-dramaturq Elçin Hüseynbəyli müsabiqənin ədalətli təşkili ilə bağlı hər hansı reseptinin olmadığını bildirsə də, ümumilikdə prosesi alqışlayır: "Bu proses geniş müzakirələrə yol açacaq və ədəbiyyatımızın inkişafına müsbət təsir edəcək. "Əsərlərin dəyərləndirilməsinə böyük ehtiyac var"- deyə biz dəfələrlə bu barədə müzakirələr aparmışıq. Rusiya, Türkiyə kimi ölkələrdə bu kimi çoxsaylı mükafatlar var. Bizim ölkəmizdə də təsis olunması müsbət haldır". E.Hüseynbəyli çox nüfuzlu, titullu yazıçıların bu müsabiqəyə müraciət edəcəyini düşünmür: "Çünki onlar kənarda qala biləcəklərindən ehtiyat edərlər". Yazıçı belə müsabiqənin keçirilməsi ilə bağlı fərqli təcrübələrin olduğunu bildirir: "Bəlkə belə bir variant ola bilər: heç təqdimat olmasın. Məsələn, Estoniya variantı kimi. Onlar kitabxanalarda, nəşriyyatlarda sorğular keçirirdilər. Sonra nəticələri ümumiləşdirib, əsəri seçir və mükafatlandırır, sonra müəllifin əsərini həm daxildə, həm də xaricdə çap edirdilər".
Yazıçı mükafat ətrafında indidən yaranan söz-söhbətlərə də münasibət bildirir: "Onsuz da istənilən seçim nə qədər obyektiv etsən də, subyektiv görünür. Prosesin ətrafında yaranan ajiotajın özü ədəbiyyata müsbət təsir edəcək. Ədəbiyyata gəlmək istəyən - həm yazıçı, həm oxucu prosesi maraqla izləyəcək. Bu da ədəbiyyatın inkişafına bir köməkdir. Nəzərə almaq lazımdır ki, bizim cəmiyyət müəyyən mənada darıxır, dedi-qoduya, intriqaya maraqlıdır. İnsanlar üçün prosesi izləmək maraqlı olacaq".
"Müsabiqə diletant səviyyədə olmamalıdır"
E.Hüseynbəyli qalibi seçəcək münsiflər heyətinə xaricdən ekspertlərin dəvət olunmasının tərəfdarı deyil: "Biz bu təcrübələrdən çox istifadə etmişik. Ancaq görürük ki, onlar bizim mentalitet, düşüncə tərimizə bələd deyillər. Hesab edirəm ki, öz ölkəmizdə yetərincə savadlı, obyektiv ədəbiyyatşünaslar, tənqidçilər və yazıçılar var. Dövlət səviyyəsində keçirilən müsabiqə diletant səviyyədə olmamalıdır. Mədəniyyət Nazirliyinin müsabiqəyə peşəkar münsiflər cəlb etmək imkanı var. Nazirlikdə ədəbiyyatı bilən adamlar var, amma Yazıçılar Birliyini, Ədəbiyyat İnstitutunu da kənarda qoymaq olmaz. Həmçinin münsiflərin qonorarı olmalıdır. Bu olmasa, heç bir münsif oturub 50 roman oxuyan deyil".
"Qorxuram ki, bu mükafat da..."
Filologiya elmləri doktoru, professor Rüstəm Kamalın fikrincə, seçim prosesi mərhələli olmalıdır: "Mükafatın ciddiliyi komissiya üzvlərinin məsuliyyətli və nüfuzlu olmasından da asılıdır. İstənilən mükafat ədəbi prosesin inkişafını şərtləndirən amildir. İndiki zamanda bu mükafat ədəbiyyatı ayaqda saxlayan məqamlardan biri ola bilər. Yəni sistemli qonorarın olmadığı bir vaxtda bu, çox vacib şərtdir. Amma qorxuram ki, bu mükafat da "Qızıl kəlmə" mükafatı kimi söz-söhbətli olsun. O mükafatın da arxasında pul dururdu, təşkilatçı da Mədəniyyət Nazirliyi idi. Bu baxımdan, bir qədər ümidsizəm. Təbii ki, yenə söz-söhbət olacaq. Bizdə hələ mükafatlandırma əxlaqı və fəlsəfəsi oturuşmayb". Ədəbiyyatşünas alim mükafatın adını da uyğun hesab etmir: "Mükafatın adından ədəbiyyat qoxusu gəlmir. Ola bilsin ki, ingilislərin "booker" sözünün "kalka"sıdır. Ruslarda isə "Böyük kitab" sözü var. Göz önünə kitabın məzmun miqyası yox, həcmi gəlir. Mükafata daha uğurlu, cəlbedici ad seçmək olar. Çünki mükafat üçün ayrılan məbləğ böyükdür, arxasında da dövlət durur".
Professorun fikrincə, seçim üçün meyarlar aydın və ciddi olmalıdır: "Münsiflər heyətində müxtəlif yaşda və müxtəlif təbəqələrin üzvləri - alimlər, ədəbiyyatşünaslar, tənqidçilər, yazıçı və şairlər olmalıdır". R.Kamalın fikrincə, mükafatlandırma ətrafında söz-söhbətin, qalmaqalın yaranmaması üçün bir neçə belə nüfuzlu mükafat təsis edilməlidir: "Fransada, Rusiyada bir neçə mükafat var, hamısı da nüfuzludur. İddia edənlər "Buna düşmədimsə, o birinə düşüm" deyə fikirləşirlər. Yoxsa mükafatın bir dənə olması yazıçı davranışının da balansını pozacaq. Hesab edək ki, bu "Qran-pri"dir. Amma buna qədər də mükafatlar olmalıdır. Türkiyədə ayrı-ayrı janrlar üzrə və qəzetlərin də mükafatları var. Bizdə isə bunlar yoxdur. Mənzərəyə nəzər salın: hələ ortada mükafat yoxdur, amma nə qədər söz-söhbət var. Ona görə alternativlər də olmalıdır. Bu, ədalətlilik mənzərəsi də yarada bilər. Mükafatın nüfuzu ədəbiyyatın, yazılan əsərlərin nüfuzu olacaq. Yəni bundan hamı - millət də, dövlət də qazanacaq".
"Biri cavan, biri yaşlı şairin adını çəkər"
Tənqidçi Vaqif Yusiflinin fikrincə, seçim üçün müxtəlif janrlar üzrə sistem qurulsa, yaxşı nəticə olar: "O zaman hər kəs müsabiqəyə əsər verə biləcək. Onda yaxşı ilə pisi ayırmaq olar". Tənqidçi prosesdə münsif seçiminin əsas şərt olduğunu bildirir: "Münsiflər heyətində obyektiv olmaq çox çətindir. Bir də gördün mükafat bədii keyfiyyəti yüksək olmayan şeir kitabına verildi. Çünki "Yaxşı şeir nədir?" sualına hər münsifin cavabı müxtəlif ola bilər. Biri cavan, biri yaşlı şairin adını çəkər. Fikrimcə, bu baxımdan, münsif seçimi çox həssas olmalıdır".
Oxşar xəbərlər
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda təmsil olunur
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu işə başlayıb...