Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA

Fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir? - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 289

Müqəddəs Ramazan ayının başa çatmasına sayılı günlər qalır və müsəlmanlar artıq Ramazan bayramına hazırlaşırlar.

BAKU.WS-in məlumtına görə, bu bayram ərəfəsində yerinə yetirilməsi vacib olan ibadətlərdən biri də fitrə zəkatının verilməsidir.

Bəs Ramazan ayında fitrə zəkatı nə vaxt və nə qədər verilməlidir?

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev BAKU.WS-ə bildirib ki, şəriət qaydalarına görə, fitrə zəkatı hər bir insan üçün əsas ərzaq məhsulunun təxminən 3 kiloqramı həcmində hesablanır:

"Ən çox istifadə olunan ərzaqlar buğda və ya buğda unu hesab edilir. Bununla yanaşı, arpa ilə də hesablamaq mümkündür. Lakin gündəlik həyatda arpadan az istifadə olunduğu üçün insanlar adətən buğda və ya buğda ununa üstünlük verirlər.

Maddi imkanı daha yaxşı olan şəxslər fitrə zəkatını daha qiymətli ərzaq məhsulları ilə də hesablaya bilərlər. Məsələn, kişmiş, xurma və ya düyü ilə də bu hesablamanı aparmaq mümkündür.

Ailədə neçə nəfər varsa, hər bir nəfər üçün 3 kiloqram ərzaq nəzərdə tutulur. Bu yardım həm ərzaq şəklində, həm də onun pul qarşılığı olaraq ehtiyacı olan insanlara verilə bilər.

Hər il Qafqaz Müsəlmanları İdarəsi fitrə zəkatının məbləği ilə bağlı tövsiyə verir və əhaliyə bildirir ki, fitrə zəkatını pul şəklində vermək də məsləhət görülür. Adətən adambaşına minimum 10–15 manat hesablanması tövsiyə edilir. İmkanı olan şəxslər bu məbləği daha yüksək də edə bilərlər".

QMİ sədrinin müavini əlavə edib ki, fitrə zəkatının verilməsində ilk növbədə kasıb və imkansız qohum-əqrəbaya üstünlük verilməlidir:

"Əgər yaxın qohumlar arasında ehtiyacı olan yoxdursa, o zaman qonşular arasında və ya yaşanılan məhəllə, kənd və qəsəbədə ehtiyac sahibləri axtarılmalıdır. Bu zəkatın bayram namazına qədər verilməsi daha yaxşı hesab olunur. Çünki bayram günü hər kəsin sevinc içində olması, ehtiyacı olan insanların da bayram sevincini yaşaması dinimizdə xüsusi əhəmiyyət daşıyır.

Fitrə zəkatı ailədə olan hər bir şəxs üçün çıxarılmalıdır. Buraya körpə uşaqlar, yaşlılar, oruc tutan və ya hər hansı səbəbdən oruc tuta bilməyən şəxslər də daxildir. Əgər bayram ərəfəsində – yəni bayramdan əvvəlki axşam – evə qonaq gəlib və şam namazına qədər ev sahibinin yanında qalıbsa, həmin qonağın fitrə zəkatını da ev sahibi çıxarmalıdır.Bəzi ailə üzvləri səfərdə və ya hərbi xidmətdə olarsa, onlar üçün fitrə zəkatı çıxarmaq vacib sayılmır. Lakin istəyə görə çıxarmaq mümkündür.

Fitrə zəkatı adətən bayramdan əvvəlki axşam, şam namazı vaxtından sonra çıxarılır. Bayram gününün namazına qədər isə fitrə zəkatı verilir. Müasir dövrdə bu yardım bank kartı və ya mobil köçürmə vasitəsilə də ehtiyac sahibi olan şəxslərə göndərilə bilər. Bu da dini baxımdan icazəlidir".

Orxan Hüseyn

Son xəbərlər