AYB üzvlük haqqı ödəməyənləri xaric edəcək: "500 adamın ildə 15 manatı ilə dolanmaq olar?"
"Üzvlük haqqı ödəməyənlər Azərbaycan Yazıçılar Birliyindən (AYB) xaric ediləcəklər".
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında AYB sədri, Xalq yazıçısı Anar Rzayev məlumat verib.
Onun sözlərinə görə, beş ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar və bununla bağlı sonuncu dəfə sabah rəsmi yazılı xəbərdarlıq elan olunacaq.
Anar Rzayev vurğulayıb ki, üzvlük haqqını bir il, iki il, üç il və dörd il ərzində ödəməyənlərin olmasına baxmayaraq, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənləri xaric etmək qərarına gəlib.
O, bununla yanaşı, həmin şəxslərə növbəti dəfə fürsət verildiyini və fevralın 1-dək ödəniş etmələri üçün imkan yaradıldığını diqqətə çatdırıb: "Onlara ödəniş etmələri üçün hələ də vaxt veririk. Amma ödəməsələr, bu o deməkdir ki, onlar Azərbaycan Yazıçılar Birliyinə lazım deyillər".
Yazıçı Anar onların üzvlük haqqını ödəməmələrinin səbəblərindən danışarkən bildirib: "Elələri var ki, Yazıçılar Birliyindən hər şeyi qoparmaq istəyirlər. Amma ildə 15 manat verməyə qıymırlar".
AYB sədri vurğulayıb ki, il ərzində yığılan üzvlük haqları maaşlara və qonorarlara təsir edə bilər: "Üzvlük haqları zəruri xərclərimizə sərf olunur. Biz yığılan o haqları mükafatlara, kitab çaplarına xərcləyə bilərik. Yazıçılar Birliyinin 3 000 üzvü var. Onlardan 2 500 nəfəri üzvlük haqqını vermir. İl ərzində 15 manat nədir ki, onu da ödəmirlər? Əgər bizə dövlət tərəfindən maliyyə yardımı olmasa, üzvlük haqqı ilə dolanmaq mümkün deyil. 500 adamın ildə 15 manatı ilə dolanmaq olar?"
Oxşar xəbərlər
"Qayınana"nın ssenaristi vəfat etdi
"Qayınana", "Qəribə adam", "Narahat adam" və digər məşhur filmlərin ssenari müəllifi, aktrisa Marqarita Maleyeva dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, bu b...