Bakı Dövlət Universitetinin keçmiş prorektoru, professor Akif Ələkbər oğlu Quliyev dəyərli bir ömürdən sonra 19 iyul 2020-ci ildə dünyanı tərk etdi.

Həyatını elmə və təhsilə həsr edən əməkdar elm xadimi, professor Akif Ələkbər oğlu Quliyev respublikamızın elm xadimləri arasında özünəməxsus yeri ilə sayılıb-seçilən görkəmli tədqiqatçı alimlərdəndir. Onun haqqında peşəkar müəllim, gözəl insan, səmimi və qayğıkeş dost kimi çox sözlər demək olar.

A.Quliyev 1964-cü ildə Bakı Dövlət Universitetində ali təhsilini başa çatdırdıqdan sonra aspiranturaya daxil olub. 1966-cı ildə elmi-tədqiqat fəaliyyətini yüksək səviyyədə yerinə yetirmək üçün Avropanın nüfuzlu ali təhsil ocağı olan Praqanın Karlov Universitetinə göndərilib və orada dissertasiya işini yekunlaşdırıb, elmləri doktoru adına layiq görülüb.

Akif Quliyev 1968-ci ildə, 26 yaşında ikən Biologiya fakültəsinin dekan müavini olub. 1973-cü ilədək həmin vəzifədə çalışıb. Bu müddətdə çalışdığı kafedrada biokimya yönümlü problem laboratoriyası yaradıb və bir qrup gənc mütəxəssisin məhsuldar fəaliyyətinə nail olub. Həmin mütəxəssislər sonralar alimin elmi-pedaqoji işinin nəticəsi kimi 1972-ci ildə formalaşan Biokimya kafedrasının əsasını təşkil ediblər. Həmin kafedranın müdiri seçilərkən Akif müəllim 30 yaşında idi. 1990-cı ildə Professor adına layiq görülüb.

Biokimya kafedrasının müdiri kimi elmi-pedaqoji fəaliyyətini davam etdirən, Akif Quliyev kafedranın istər maddi-texniki bazasının genişləndirilməsi, istərsə də elmi-pedaqoji kadrların yüksək ixtisaslara yiyələnmələri istiqamətində əvəzsiz işlər görüb. Kafedranın elmi və tədris laboratoriyalarına yeni avadanlıqların alınmasını təşkil edib və tədris olunan laboratoriya məşğələlərinin, burada həyata keçirilən elmi-tədqiqat işlərinin keyfiyyətinin zamanın tələbləri ilə uyğunlaşdırılmasını təmin edib. Bunlarla yanaşı, Rusiyanın aparıcı elm və təhsil mərkəzləri, o cümlədən REA-nın A.Bax adına Biokimya İnstitutu, Moskva Dövlət Universiteti, Çexiya Respublikasının Karlov Universiteti ilə elmi əlaqələr qurub, kafedranın gənc əməkdaşlarını həmin elm ocaqlarına ezam etməklə onların tədqiqatçı-alim və bacarıqlı pedaqoq kimi formalaşmalarına şərait yaradıb.

Akif müəllimin məhsuldar fəaliyyəti universitet rəhbərliyinin diqqətindən yayınmayıb və o, 1988-ci ildə Biologiya fakültəsinə dekan vəzifəsinə seçilib. 1990-cı ildə təşkilatçı alim Bakı Dövlət Universitetinin I prorektoru vəzifəsinə təyin edilib. 1992-ci ilədək həmin vəzifədə çalışan və bu dövrdə universitetin rektoru vəzifəsini də icra edib.

Çalışdığı yüksək vəzifələrə rəğmən Akif müəllim elmi-tədqiqat işlərindən uzaqlaşmayıb, bu sahədə də yüksək nəticələrə imza atıb. Akif müəllim rəhbərlik etdiyi kafedrada aparılan elmi-tədqiqat işlərinin ən müasir səviyyədə yerinə yetirilməsi üçün Fransanın məşhur Milli Aqronom Araşdırmalar Mərkəzinin aparıcı laboratoriyaları ilə əməkdaşlıq edib.

Bacarıqlı tədqiqatçı 200-dən çox elmi əsərin, 5 dərsliyin, monoqrafiyanın və 3 müəlliflik şəhadətnaməsinin (patent) müəllifidir.

Professor Akif Quliyevin faydalı əməyi təkcə elmi-pedaqoji sahədə deyil, ictimai-siyasi sahədə də bəhrəsini verməkdədir. 0, 1990-cı ildən Dünyada Sülhü Müdafiə Komitəsinin Azərbaycan bölməsinin sədr müavinidir. Bu fəaliyyəti dövründə alim Azərbaycanın nümayəndə heyəti tərkibində 1990-cı ildə Yaponiyada və Çində toplantılarda, 1994-cü ilin oktyabrında isə Nyu Yorkda həmin komitənin xətti ilə BMT-nin iclasında iştirak edib.

Biokimya və biotexnologiya kafedrası TEMPUS xətti ilə 2003-2005-ci illərdə Londonun Vestminster Universiteti ilə birlikdə İmmunologiya üzrə qrantın, 2006-2008-ci illərdə "Ekologiya üzrə magistrlərin hazırlanması”, 2007-2009-cu illərdə isə NATO-nun "Elm sülhün keşiyində” layihələrinin koordinatoru olub. 2010-2016-cı illərdə görkəmli alim 6 beynəlxalq layihənin BDU-da əlaqələndiricisi olub ki, onlardan beşi Avropa Komissiyasının TEMPUS, biri isə ERASMUS MUNDUS proqramları çərçivəsində reallaşıb.

A.Quliyevin qeyd etdiyimiz elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti respublikanın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 2009-cu il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə "Əməkdar elm xadimi”fəxri adı verilib və 2019-cu il noyabrın 25-də Prezident İlham Əliyevin Sərəncəmı ilə Prezidentin fərdi təqaüdünə təltif olunub.

2006-cı ildə BDU-da "İlin müəllimi” adına layiq görülmüşdür. 2011-ci ildə BDU-da "İlin dekanı” adına layiq görülmüşdür. 2011-ci ildə Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin «Şərəf və Vicdan» Avropa Ordeninə layiq görülüb. 2012-ci ildə Türk xalqının Araşdırmalar üzrə Beynəlxalq Elmlər Akademiyasının Akademik adına layiq görülüb. 2012-ci ildə Elmin və pedaqoji əməkdaşlığın inkişafına görə Praqanın Karlova Universitetinin qızıl medalı ilə təltif olunub. 2013-cü ildə universitetin ictimai həyatındakı fəal mövqeyinə görə Fəxri fərmanla təltif edilib.

Akif Quliyevin əziz xatirəsi bütün elmi ictimaiyyətin və zəngin irsdən bəhrələnənlərin qəlbində bir alim, pedaqoq, təşkilatçı, ictimai xadim, gözəl insan, ailə başçısı və dost kimi daim yaşayacaqdır.

BAKU.WS