SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan əsilli biznesmen Roman Manaşirovun ailəsinin kottecində axtarış aparılır.
 
BAKU.WS-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları və müstəntiqlər bu səhər oliqarxın qardaşına aid olan evə basqın ediblər. Solomon Manaşirovun gecə-gündüz mühafizə olunan kotteci dəbdəbəli görünüşü ilə hətta polisləri də heyran edib. Üçmərtəbəli kottec antik əşyalarla və qiymətli şəkillərlə doludur. 

Bundan başqa, istintaq zamanı hüquqşünaslarla Manaşirovun anasının söhbətinin audioyazısı əldə olunub. O səs yazısında Raisa Manaşirova iddia edir ki, onun oğulu həqiqətən reketdir. Raisa Manaşirova oğlunun Januko Rafailov ilə münasibətlərindən də danışıb. O qeyd edib ki, Rafailov qardaşları həmişə müxtəlif məsələlərin həllində onun oğulundan kömək istəyirdilər. Raisa Manaşirova oğlunun öz cibindən müstəntiqlərə rüşvət verdiyini etiraf edib. 
 
Xatırladaq ki, Manaşirov 2 milyon rubl (32 min 600 manat) rüşvətin verilməsində vasitəçilikdə ittiham olunur. İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib. İstintaqda olduğu son iki gün ərzində Manaşirov bir neçə dəfə səhhətinin pis olduğunu bildirərək sağlamlıq vəziyyətinə görə sərbəst buraxılmasını tələb edirdi.
 
Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ, "Armada" MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir.
 
Şahin Həbibov
BAKU.WS