Azərbaycanlı iş adamının oğlu oğurlandı
Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk üzrə keçmiş sədri, hazırda biznes fəaliyyəti ilə məşğul olan Malik Pirverdiyevin oğlunu oğurlayıblar.
BAKU.WS xəzərnews.az-a istinadən xəbər verir ki, M.Pirverdiyevin oğlunun bir neçə müddətdir oğurlanmasına baxmayaraq bu fakt ictimaiyyətdən gizli saxlanılır, yalnız onun itkin düşdüyü barədə informasiyalar verilir.
Sayt M.Pirverdiyevin oğlunun adının Camal olduğunu yazır. C.Pirverdiyev 1993-cü ildə anadan olub, 22 yaşı var, sosial şəbəkələrdə fəal olub və komfort həyat tərzini nümayiş etdirməyi çox xoşlayıb. Hətta C.Pirverdiyevin Ukraynada söz-söhbətə səbəb olan bir neçə hadisədə iştirakı da qeyd edilir.
Ukrayna internet saytlarında C.Pirverdiyevin 2015-ci il oktyabrın 14-də itkin düşdüyü barədə informasiyalar yer alıb.
Bildirilir ki, M.Pirverdiyev Donetskdə nüfuzlu azərbaycanlı iş adamlarındandır. Onun oğlunun Azərbaycanda cəza çəkən "Qulu” ləqəbli "qanuni oğru”nun adamları tərəfindən oğurlanması iddia olunur.
Qeyd olunur ki, M.Pirverdiyevlə yanaşı, başqa bir iş adamının da hazırda Ukraynada təhsil alan oğlu məlum dəstə tərəfindən oğurlanıb.
Verilən məlumata görə, hər iki oğurlanan gəncin buraxılmasından ötrü ayrı-ayrılıqda 1 milyon dollar "xərac” tələb olunur.
Qeyd edək ki, bu gün Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Cinayət Axtarış Baş İdarəsi və "Vaşaq" xüsusi çevik dəstəsinin əməkdaşları adam oğurluğu, soyğunçuluq və zorakılıq əməllərində şübhəli bilinən etnik mütəşəkkil qrupun üç üzvünü yaxalayıblar. Şübhəli şəxslərin hazırda Azərbaycanda cəza çəkməkdə olan "Qulu" ləqəbli "qanuni oğru"nun idarə etdiyi bildirilir.
***
Malik Pirverdiyev oğlu Cəlalın oğurlanması ilə bağlı açıqlama verib.
"Qafqazinfo”ya daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:
"Oğlum Pirverdiyev Cəlalın oğurlanması barədə bəzi kütləvi informasiya vasitələrində gedən informasiyalar və bundan doğan narahatçılığa görə öncədən təşəkkürümü bildirirəm.
Qeyd edim ki, oğlum Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədri Pirverdiyev Cəlal oktyabrın 13-dən 14-ə keçən gecə Kiyevdə müəmmalı şəkildə naməlum şəxslər tərəfindən oğurlanıb. Bununla bağlı artıq Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Onun atası kimi bəyan edirəm ki, oğlum Pirverdiyev Cəlalın hansısa qüvvələr tərəfindən oğurlanması barədə yayılan informasiyaların heç bir əsası yoxdur. Məsələnin mənəvi tərəfinin ağırlığını başa düşərək hər bir media nümayəndəsinin keçirtdiyi narahatlığı anlayır, bu məsələdə təsdiqini tapmayan informasiyanın mənfi fəsadlar verməməsində mənə yardımçı olmaqınıza əminliyimi bildirirəm”.
BAKU.WS
Oxşar xəbərlər
Çovdarovun gizli həbsxanası (FOTO)
MTN-in keçmiş idarə rəisi, bu sistemin ən qəddar və ən qalmaqallı personası kimi ad çıxarmış Akif Çovdarova qarşı rəsmən adam oğurluğu maddəsi üzrə ittiham irəl...