SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Zooloji Parkındakı vəhşi heyvanlar paytaxt sakinlərinin marağına səbəb olur.
 
BAKU.WS-in məlumatına görə, hər gün bu parka çox sayda insan baş çəkir. 1942-ci ildə yaradılmış bu park nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir. Bakı Zooloji Parkında Azərbaycanın faunasına aid olan adi, nadir və nəsli kəsilməkdə olan heyvanlardan başqa dünyanın müxtəlif iqlim qurşaqları üçün xas olan heyvanların genofondu toplanıb.

Hal-hazırda Bakı Zooloji Parkının kolleksiyasına 168 növə aid olan 1193 başdan çox heyvan, quş, sürünən və balıqlar daxildir, o cümlədən, 47 növə aid 193 baş məməli heyvan, 70 növə aid 400 baş quş, 11 növə aid 34 baş sürünən, 2 növə aid 4 baş suda-quruda yaşayan, 38 növə aid 562 balıq bu parkda saxlanılır.

Bakı Zooloji Parkında Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, qırmızı canavar, arktika canavarı, Şotland ponisi, yallı qoyun, Avropa cüyürü, pavian qamadril, tirəndaz, adi iriburun yenot, uçan misir iti, Nil timsahı, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlar saxlanılır.

Bakı Zooloji Parkında adı Qırmızı Kitaba düşmüş, nəsli kəsilməkdə olan və nadir növlər gətirilib saxlanılır. Bunlara ceyran, Dağıstan turu və nəcib maral, qırmızı canavar kimi heyvanlar daxildir. Zooloji Parkda olan yırtıcı quşların əksəriyyəti – berkut, qarasaqqal, qara kərkəs, ağbaş kərkəs, qartalların bir sıra növləri, meşə quşlarından qırqovullar, su quşlarından qızıl qaz, sultan toyuğu Qırmızı Kitaba daxil edilib, qorunur. Sürünənlərdən Aralıq dəniz tısbağası yalnız Azərbaycanda deyil, bütün dünyada qorunur.

Şahin Həbibov
BAKU.WS