"Bu gün Şəkidə baş verən güclü zəlzələ gözlənilən təbii hadisədir. Zaqataladan Şamaxıya qədər tektonik zonada qeydə alınıb. Burada həmişə yeraltı təkanlar ola bilər. Həmin tektonik qırılmada 1953-cü ildə güclü təkanlar olmuşdu”

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu zəlzələlərin 7 bal gücündə olan yeraltı təkandır və bu güclü zəlzələ sayılır: "Bu yeraltı təkanın Bakıya aidiyyatı yoxdur. Lakin zəlzələ güclü olduğundan paytaxtda da hiss edilib. Belə zəlzələlər nəticəsində dağıntı və insan təlafatı ola bilər”.


Azərbaycanlı alim deyir ki, bundan sonra afterşoklar ola bilər. Tahir Məmmədli deyir ki, afterşokların gücü adətən birinci təkandan az olur. Amma bunun necə olacağı barədə proqnozu heç kim verə bilməz. Belə afterşoklar əvvəlki zəlzələdən sonra səngimədən ola bilər və oların gücü 5, 5-7 bala da çata bilər.


Bu il Azərbaycanda kifayət qədər zəlzələ qeydə alındığını deyən Tahir Məmmədli onların sayının ötən illərə nisbətən daha çox olduğunu bildirir. Belə ki, ocaq zonasında müəyyən tektonik proseslərdən sonra gərginlik toplanır və həmin gərginlik pik həddinə çatanda qəflətən hərəkət baş verir. Bu da zəlzələyə səbəb olur.


Tahir Məmmədli deyir ki, Bakı və Abşeron yarımadası Xəzər dənizindən baş verən güclü zəlzələlərdən titrəyə bilər. "Xəzər dənizində çoxsaylı belə zəlzələ ocaqları var. Onlardan ən yaxını Abşeron yarımadasından 50 kilometr cənubda yerləşir. O, zəlzələnin təsiri Bakı və Abşeron yarımadası üçün 12 ballıq şkala üzrə 8 bal gücündə ola bilər. Digər ərazilərdən Şamaxı zəlzələsi də Bakıya təsir edə bilər. Lakin məsafə uzaq olduğu üçün Şamaxıdakı zəlzələ paytaxtda yalnız 5 bal gücündə hiss oluna bilər. Bu o qədər təhlükəli deyil. Lakin Xəzər dənizində baş verə bilən zəlzələ Bakını və Abşeronu 8 bal gücündə titrədə bilər”, - deyə seysmoloq bildirib.


Tahir Məmmədli əhaliyə bacardıqları qədər diqqətli olmağı məsləhət görür. "Əgər zəlzələ baş vermiş ərazidə zədələnmiş binalar varsa, bu binalara girmək məqsədə uyğun deyil. Çünki həmin afterşoklar zədələnmiş binanı bir az da silkələyib dağıda bilər. Ona görə də zədələnmiş binada yaşamaq təhlükəlidir”.


Ziya Səccad
BAKU.WS