SİZİN REKLAM BURADA!
055 213 76 73


“Vətən yaxşıdır” mahnısı ilə dastana dönən 22 yaşlı şəhid gizir Xudayar Yusifzadənin büstü hazırlanıb.

BAKU.WS xəbər verir ki, şəhidin büstü heykəltəraş, rəssam Teymur Qəribov tərəfindən hazırlanıb.

Büstü hazırlayan heykəltəraşla əlaqə yaratdıq. Teymur Qəribov BAKU.WS-ə açıqlamasında bildirdi ki, dastana dönən şəhidimizin büstünü onun oxuduğu mahnını dinlədikdən sonra hazırlamağa qərar verib:

“Azərbaycanın haqq mübarizəsində hər gün yayılan görüntüləri izləyirdik, xəbərləri alırdıq. 44 günlük bu müharibədə millətimiz bir yumruq kimi birləşdi. Hər kəs əlindən gələni əsirgəmədi. Həmin həssas məqamda şəhid qardaşımız Xudayarın oxuduğu həmin videonu izlədim. O anda çox təsirləndim.

Bir var, kimsə səhnədə, sakit ərazidə mahnı oxuyur, bir də var ki, müharibədə iştirak edən döyüşçü, bir zaman özünü Vətən üçün şəhid edəcək şəxs vətən haqqında mahnı oxuyur. Bu, əvəzolunmaz bir şeydir. Vətən üçün ən gözəl səhnə elə həmin səngər idi.

Həmin an mənə elə toxundu ki... Hər kəs Vətən üçün iş görür. Mənim də heykəltəraş kimi gücüm buna çatdı. Həmin büstü ailəsinə hədiyyə edəcəyəm”, - deyə Teymur Qəribov bildirib.

Teymur Qəribov deyir ki, hazırda büstləri və heykəlləri evdə emalatxanasında hazırlayır:

“İndiyə qədər Mikayıl Müşviqin heykəlini işləmişəm. Həmin heykəl 18 nömrəli məktəbin həyətində qoyulub. Bundan başqa, Mirzə İbrahimovun heykəlini hazırlamışam.

Azərbaycanın kimyagəri Mövsüm bəy Xanlarovun büstünü düzəltmişəm. Ulu Öndər Heydər Əliyevin heykəlini düzəltmişəm. Şövkət Ələkbərovanın büstünü də hazırlamışam”.

BAKU.WS
QALEREYA